24media.az-ın budəfəki müsahibləri iqtisadçı ekspertlər Günay Hüseynova, Asif İbrahimov, Natiq Cəfərli və Akif Nəsirlidir. Ekspertlər son illərdə qeyri-neft sektorunda olan dəyişim və inkişafdan danışıblar.
Son illər qeyri-neft sektorunda hansı sahələr daha çox inkişaf edib və hansı müsbət dəyişikliklər müşahidə olunur?
İqtisadçı ekspert Günay Hüseynova bildirir ki, ölkənin neft sektorundan asılılığının azaldılması və qeyri-neft sektorunun inkişafı dövlətimiz üçün hər zaman prioritet məsələ olub. Qeyri-neft sektorunda bir çox sahələr inkişaf etsə də, xüsusilə xidmət və texnologiya sahələrində irəliləyiş əldə olunub. Turizm, maliyyə, sığorta, bank xidmətləri, innovasiya və texnologiyalar sahəsində daha çox inkişafa nail olunub.
Bu sahələrin inkişafında dövlətimizin misilsiz xidmətlərini də vurğulamaq lazımdır. Bu gün iqtisadi inkişafın və sosial rifahın nəticəsi olaraq xarici ölkə vətəndaşları turist kimi ölkəmizə gəlir. Bununla yanaşı, xarici investisiyaların həcmi artıb. Eyni zamanda, dünyaca tanınmış şirkətlərin diller və distributorları Azərbaycanda fəaliyyət göstərir. Hazırda "Made in Azerbaijan" brendi adı altında xarici bazarlarda Azərbaycan məhsullarını vitrinlərdə görmək mümkündür.
Bundan əlavə, innovasiyaların inkişafı elmi-texniki sahələrdə də irəliləyişlərə səbəb olub. Bu gün Azərbaycanda mövcud olan bəzi innovativ texnologiyalar hətta yaxın ölkələrdə belə yoxdur.
Digər inkişaf sahəsi maliyyə, bank və sığorta sektorudur. Azərbaycan milli valyutası xarici valyutalar qarşısında dayanıqlığını illərdir ki, qoruyub saxlayır.
Ekspert Asif İbrahimov isə bildirir ki, Azərbaycan kimi ölkələrin iqtisadiyyatı əsasən neft və qaz gəlirləri üzərində qurulub. 2015-ci ildə baş verən ikinci devalvasiyadan sonra hazırlanmış yeni strateji plana əsasən, Azərbaycan neft-qaz ölkəsi olmaqla yanaşı, aqrar ölkə kimi də inkişaf etdirilməsi üçün addımlar atılıb.
Xüsusilə regionlarda qeyri-neft sektorunun inkişafı ilə bağlı 100 milyarddan artıq yatırım edilib, sənaye parkları yaradılıb, infrastruktur qurulub. Eyni zamanda, digər xidmət sahələrinin inkişafı üçün dövlət dəstəyi formalaşmağa başlayıb. Son dövrlərdə qeyri-neft sektorunun inkişaf faizi 40%-ə qədər yüksəlib. Bu inkişafın böyük bir hissəsi kənd təsərrüfatına aiddir və bu sahədə bir sıra müsbət dəyişikliklər həyata keçirilib.
İqtisadçı ekspert Akif Nəsirli isə bildirir ki, son illərdə qeyri-neft sektorunda inkişaf daha çox sənaye və kənd təsərrüfatı sahələrində müşahidə olunsa da, ümumilikdə bu nəticə qənaətbəxş deyil. Büdcənin doldurulmasında hələ də əsas üstünlük neft sektorundadır.
Bununla belə, Sumqayıt və Qaradağ kimi sənaye bölgələri ilə yanaşı, işğaldan azad edilmiş rayonlarımızda da qeyri-neft sektorunun inkişafına yönəlik işlər aparılır. Statistikaya əsasən, 2024-cü il üzrə qeyri-neft sektorunda ən çox inkişaf elektrik enerjisi istehsalı sahəsində müşahidə olunur.
Natiq Cəfərli isə daha çox turizm və aqrar sahələrdə artımın olduğunu bildirir. Hər il müxtəlif ölkələrdən, xüsusilə Ərəb ölkələri, Hindistan, Türkiyə və Pakistandan gələn turistlərin sayında artım müşahidə olunur. Statistik göstəricilərə əsasən, aqrar sahədə isə hər il 6-8% artım qeydə alınır.
Səadət Quliyeva