Son zamanlar ölkəmizdə müxtəlif qida məhsullarından zəhərlənmə halları baş verir. Sözsüz ki, belə zəhərlənmələr, əsasən, çöl yeməklərindən yaranır. Mövzu ilə bağlı 24media.az-a qida mütəxəssisi Seymur Qafafov danışıb.
O deyir ki, həm məişətdə, həm də istehsalatdakı ərzaq məhsullarında bir sıra inqrediyentlər istifadə olunur. Bu inqrediyentlərdən hazır qida məhsullarının ərsəyə gəlməsində istifadə olunur:
"İstehsalat və qida təminatı bir neçə sahələrə bölünür. Bunlar istehsal sahələri, emal sahələri, topdan, pərakəndə satış müəssisələri, ictimai iaşə müəssisələri və sairə kimi qruplara bölünür. Hazırda ölkəmizdə də dünya ölkələrində olduğu kimi evdə gündəlik qidalanmanın təmin olunması və xüsusilə də, günorta saatlarında yemək bişirilməsi adətləri zəifləyir. Bunun yerini isə sürətli qida təmin edən fast-food şəbəkələri, toplu qidalanma xidmətləri göstərən ictimai iaşə müəssisələri və biznes lanç paketlərinə uyğun fəaliyyət göstərən restoranlar getdikcə daha çox tutur. Əlbəttə ki, ictimai iaşə obyektlərində qidalanan istehlakçılar da qida təhlükəsizliyi və qida keyfiyyəti ilə bağlı qaydalara mütləq riayət etməlidirlər".
Mütəxəssis onu da qeyd edir ki, müştərilər diqqət etməlidirlər ki, sifariş verdikləri isti qidanı bişdikdən sonra 2 saat ərzində istifadə etmiş olsunlar. Təklif olunmuş qida məhsulu 5-60 dərəcə selsi aralığında olmamalıdır. Yəni qida 60 dərəcə selsidən yuxarı temperaturda təklif olunmalı və 2 saat ərzində qəbul olunmalıdır ki, qusma, ishal, zəhərlənmə kimi hadisələrin, o cümlədən qarınağrı, diareya kimi tanınan hadisələrin baş verməsindən yayınmaq mümkün olsun:
"Digər məqam qida istehsalı müəssisələrində taxta qablaşmada olan məhsul qəbulundan çəkinməkdən ibarətdir. Çünki taxta qablaşmalar dezinfeksiya edilərkən prada ximikat adlı maddənin qalma ehtimalı olur, belə materialdan ibarət olan qablarda keçiricilik, sirayətlənmə, çarpaz çirklənməyə meyilli olan materialdır. Dəmir, melanin, farfor, keramika kimi qablarda məhsulların istifadəsinə diqqət yetirilməlidir".
Seymur Qafarovun sözlərinə görə, növbəti məsələ odur ki, qida servis olunduğu zaman həmin yemək qəbul olunarkən təmiz qablaşdırma materialında təhvil verilməli, müştərilər yeməklərin rəngi, qoxusuna fikir verməlidirlər. Qidanın bu xüsusiyyətlərində qəribəlik hiss edilərsə, dərhal həmin qidanı geri qaytarmaq gərəkdir. Çünki qidanın xüsusiyyətləri onun özündən xəbər verir".
Ekspert son olaraq əlavə edir ki, hər bir istehlakçı və müştərinin haqqı var ki, istehlak edəcəkləri qidanın akt və sənədlərini qida müəssisəsindən tələb etsin.
Məryəm Cəfərli