Elm sahəsində heyvanlar deyiləndə adətən ağla ilk gələnlər siçanlar və ya Pavlovun iti olur. Lakin bəzi pişiklər sakit və müstəqil xarakterləri ilə elm tarixində silinməz iz buraxıblar. Onların bəziləri fizika tarixində mühüm yer tutub, bəziləri klonlanıb, bəziləri isə qaranlıqda işıq saçıb. Şöhrət ardınca qaçmayıblar, amma yenə də tarixə düşüblər. Bəlkə də, indi rahatlıqla kresloda mürgüləyən pişiyiniz bir gün elmi inqilabın bir hissəsinə çevriləcək. Kim bilir? Gəlin, bu unudulmaz pişiklərin elmə necə töhfə verdiklərinə birlikdə nəzər salaq.
Şrödingerin Pişiyi
Elm və pişik deyiləndə Şrödingerin pişiyini qeyd etməmək mümkün deyil. Reallıqda mövcud olmayan bu pişik illərdir elm dünyasında məşhur bir eksperimental obraz kimi yaşayır. Kuantum fizikasının ən paradoksal düşüncə təcrübələrindən biri olan bu nəzəriyyədə təsəvvür edilən bir pişik zəhər mexanizmi olan bir qutuya yerləşdirilir.
Xaricdən baxıldığında pişik eyni anda həm diri, həm də ölü sayılır… ta ki qutu açılana qədər. Şrödinger bu nümunəni kuantum mexanikasının məntiqsizliyini göstərmək üçün irəli sürsə də, onun pişiyi elm tarixində əsas rollardan birini oynamağa davam edir. Maraqlıdır ki, bu pişiyin yeganə gerçəkliyi, əslində, heç mövcud olmamasıdır.

Félicette – Kosmosa göndərilən ilk və yeganə pişik
Pişiklər uçmağa maraq göstərməsələr də, Félicette üçün vəziyyət fərqli idi. Paris küçələrindən götürülən bu pişik Fransanın "CNES" kosmik agentliyi tərəfindən təlim keçmiş 14 pişikdən biri idi. 18 oktyabr 1963-cü ildə "C 341" kod adı ilə kosmosa göndərilib. 9,5 G qüvvəsinə məruz qalıb, çəkisizlik şəraitində manevrlər etdi və yerə sağ-salamat geri döndü.
Əvvəlcə, mətbuat ona "Felix" adı verib, lakin sonradan rəsmi adı Félicette olub. Təəssüf ki, bu cəsur pişik bir neçə ay sonra elmi tədqiqat naminə ötenazi edilib.

CC – Dünyanın ilk klonlanmış pişiyi
2001-ci ildə Texas A&M Universitetində dünyaya gələn CC ("Copy Cat" və ya "Carbon Copy") genetik olaraq tamamilə başqa bir pişiyin – Rainbow-un eyni nüsxəsi idi. Maraqlıdır ki, genetikasının eyni olmasına baxmayaraq, CC-nin tük naxışı Rainbow-dan fərqlənirdi.
Bu klonlanmanın təkcə genetik kodla məhdudlaşmadığını göstərdi. CC xüsusi qayğı ilə saxlanıldı, rahat bir həyət evində yaşadı və hətta üç balası oldu. 18 il yaşadı və böyrək çatışmazlığından dünyasını dəyişdi. Lakin onun adı elmi tarixdə həmişə qalacaq.

Mr. Green Genes – Sözün əsl mənasında parlayan pişik
2008-ci ildə Nyu Orleanda doğulan Mr. Green Genes laboratoriyada genetik modifikasiya edilərək parlayan ilk pişik olub. Alimlər onun DNT-sinə meduzalardan alınan GFP (green fluorescent protein – yaşıl floresan zülal) genini əlavə ediblər. Nəticədə, pişik ultrabənövşəyi işıq altında yaşıl işıq saçmağa başlayıb
Bu tədqiqatın məqsədi sadə idi: “Genetik dəyişiklik uğurla həyata keçirildimi?” Cavab birmənalı idi: Bəli ! Sonradan Mayo Klinikası bu texnologiyanı FIV (pişik immun çatışmazlığı virusu) ilə bağlı araşdırmalarda istifadə edib. Parlayan pişiklər genetik modifikasiyanın uğurla baş verdiyini sübut etdi və heç bir sağlamlıq problemi yaşamadılar.

Oscar – Bionik pişik gerçəyə çevrildi!
2009-cu ildə İngiltərənin Cersi adasında yaşayan Oscar adlı qara pişik təsərrüfat qəzası nəticəsində arxa ayaqlarını itirib. Lakin onun şansı ortopedik cərrah Noel Fitzpatrick sayəsində dəyişdi. Həkim ona dünyada ilk dəfə tətbiq edilən " ITAP " adlı xüsusi protezlər yerləşdirilib.
Bu protezlər pişiyin dərisi ilə inteqrasiya olunub və Oscar yenidən yeriməyə başlayıb. Hətta onun haqqında bir kitab da yazılıb. Elm sayəsində Oscar ikinci bir şans qazandı və bionik texnologiyanın simvoluna çevrildi.

Siçanlar laboratoriyalarda, itlər isə təcrübələrdə ön planda ola bilər, lakin bəzi pişiklər elmin tam mərkəzində yer aldı. Şrödingerin qutusundan kosmosa, klonlamadan bionik protezlərə qədər… Bu pişiklər sübut etdi ki, onlar heç bir xüsusi səy göstərmədən belə tarixə düşə bilərlər.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
