"İncəsənətin inciləri" rubrikası "Lady Lilith" əsərini təqdim edir.

Dante Gabriel Rossettinin 1866-1868-ci illərdə tamamladığı "Lady Lilith" Pre-Rafaelit hərəkatının ən gözəl nümunələrindən biridir. Qadın gözəlliyini, gücünü və sirrini özündə birləşdirən bu əsər mifoloji və simvolik mənaları ilə sənətsevərləri hələ də heyran edir.
Lilith obrazı qədim yəhudi mifologiyasından gəlir. Əfsanəyə görə, o, Adəmin ilk həyat yoldaşı olub, lakin itaət etmədiyi üçün cənnətdən qovulub. Daha sonra şeytani və cazibədar qadın obrazına çevrilib. Rossetti bu obrazı müasir dövrə uyğunlaşdıraraq onu müstəqil, ehtiraslı və ölümcül cazibədar qadın kimi təsvir edir. Tabloda Lilith güzgüdə özünə baxır və saçlarını darayır. Bu, təkcə gözəllik və özünüdərk anlamına gəlmir, həm də narsisizmin və qadın gücünün ifadəsidir. Qırmızı dodaqlar və solğun dərisi ilə o, həm cazibədar, həm də soyuq görünür. Ətrafındakı ağ güllər masumiyyət, qırmızı güllər isə ehtiras və günahkarlıq simvoludur. Fondakı güzgü, açıq pəncərə və əşyalar klassik Pre-Rafaelit detalları ilə doludur. Xüsusilə, güzgü ikili şəxsiyyət ideyasını vurğulayır. Qadının həm mələk, həm də şeytan ola biləcəyini göstərir.
Rossetti bu tablo üçün ilhamı Fanny Cornforth adlı məşhur modelindən alıb. Lakin illər sonra əsəri yenidən işləyərək üz cizgilərini Alexa Wildingin simasına uyğunlaşdırıb. "Lady Lilith" həm də qadın obrazının güclənməsinə dair bir manifestdir. O, Viktoriya dövründə qadınların cəmiyyətə meydan oxumasını simvolizə edir. Rossetti qadın cazibəsinin həm məhvedici, həm də ilahi gücünü eyni anda əks etdirməyi bacarıb.
"Lady Lilith" əsəri estetik gözəlliklə yanaşı, dərin fəlsəfi və simvolik mənalar daşıyan bir şah əsərdir. Rossetti qadın obrazını sadəcə bir gözəllik nümunəsi kimi deyil, həm də bütün ziddiyyətləri ilə güclü, müstəqil bir varlıq kimi təqdim edir. Bu səbəbdən əsər hər zaman diqqət çəkən və müzakirə olunan rəsmlərdən biri olaraq qalır.
Hazırladı: Talehə Hüseynzadə
