Danimarkada tapılan metal möhür Sutton Hoo dəbilqəsinin mənşəyi ilə bağlı yeni suallar yaradır.
Danimarkanın cənubundakı bir adada metal detektoru ilə aparılan araşdırma zamanı Sutton Hoo dəbilqəsindəki işarələrə bənzəyən kiçik metal möhür aşkar edilib.

Danimarka Milli Muzeyinin kuratoru Peter Pentz bu tapıntının məşhur dəbilqənin əslində Danimarkada hazırlanmış ola biləcəyini göstərdiyini bildirib. Arxeoloq BBC-yə açıqlamasında əgər dəbilqənin həqiqətən Danimarkadan gəldiyi sübut olunarsa, bunun 7-ci əsrdə Şimali Avropadakı güc balansı ilə bağlı təsəvvürlərimizi dəyişdirə biləcəyini vurğulayıb.
Sutton Hoo-nun eramızın 624-cü ilində vəfat etmiş Şərqi İngiltərə hökmdarı Kral Raedvaldın dəfn yeri olduğu güman edilir. 1939-cu ildə İngiltərənin Suffolk bölgəsində aparılan qazıntılar zamanı burada 260-dan çox artefakt– o cümlədən dəmir və mis örtüklü məşhur dəbilqə, qalxan və içki qabları tapılıb. Bu əşyalar Skandinaviya ilə əlaqəni göstərən dəlillər hesab olunur.
Hal-hazırda Britaniya Muzeyində saxlanılan dəbilqə at belində döyüşçüləri təsvir edən kiçik panellər də daxil olmaqla müxtəlif motivlərlə bəzədilib.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
