24Media-nın müsahibi səsi ilə qəlblərə yol tapan, "Mələk kimi","Möcüzə" ifaları ilə tanıdığımız Ayaz Babayevdir.
Ayaz Babayevi necə təqdim edərdiniz?
- Ayaz Babayevin təqdimata ehtiyacı yoxdur (gülür). Zarafat edirəm, Ayaz Babayevi tək fərdə təqdim etsəydim, prinsipial, zəhmətkeş, arzularını, xəyallarını gerçəyə çevirmək üçün əlindən gələni edən biri kimi təqdim edərdim...
Amma kütləyə təqdim edəsi olsam, oxuduğu sevgi nəğmələri ilə milyonların qəlbində taxt quran, səsi, nəğmələri sərhədləri aşan, öz gücünə ayaqları üzərində dura bilən bir ulduz kimi təqdim edərdim... Ümumiyyətlə, məncə, mən mükəmmələm (gülür).
Musiqiyə həvəsiniz, istedadınız olduğunu nə zaman hiss etdiniz?
- Musiqiyə həvəsim lap uşaq vaxtlarından var. Ümumiyyətlə, incəsənət ruhlu insanam. Düşünürəm ki, bu sənətə sevgi mənə atamdan keçib. Atam fit ilə elə musiqilər ifa edir ki... Qüsursuz... Həm də sosial şəbəkədə hər hansısa fit ifası paylaşılsa, əminəm ki, milyonların marağına səbəb olar. Səs yazılarını 1000 manatdan aşağı qoymaram, getsin (gülür). Anam isə müəllim ailəsində doğulub. Şeirə, ədəbiyyata ailəcə bağlıdırlar. Bir az anam, bir az atam var işin içində... Amma bu yollarda demək olar ki, tək başına olmuşam, zaman-zaman yanımda dəstək olan insanlar olsa da, heç kəs əbədi olmayıb. 3-5 ay, maksimum 2 il sonra hər kəs insanı yarı yolda buraxır. Ona görə də yalnız özünə güvənməlisən.
Sənətə gələndə sizə qarşı bu qədər marağın olacağını düşünürdünüzmü?
- Nə yalan deyim, mən ulduz olmaq arzusundaydım. 3-4 il bu sənətdən pul qazanmayaraq piyada, avtobusla, metro ilə hər yerə getmişəm ki, yetər ki, bir səhnəyə çıxım. Bu əziyyətləri gözə alan insan o zirvəni əlbəttə ki, xəyal edir. Bəlkə də olduğum yer arzuladığımın 5 %-dir. Şükür, əlbəttə. Amma Allahın köməyilə mən bir gün bu ölkənin əsas ulduzu olacağam.
Ən çox dəstəyi kimdən görmüsünüz?
-Daha çox “köstək” olanlar olub həyatımda. Dəstəyi isə 5-6 insandan görmüşəm. Adlarını desəm, yəqin ki, insanlar bilməyəcək kimlərdir, əsas özləri bilir... Sənət dünyasında isə Xalq artistimiz Faiq Ağayev başda olmaqla, müəllimim Nailə Mirməmmədlidən, bəstəkar Muxtar Abseynovdan, Xalq artistimiz İlqar Muradov və dünyalar qədər sevdiyim Röya Ayxandan...
Azərbaycanlı ifaçılardan kimlərin ifasını daha çox bəyənirsiniz?
-Demək olar ki, hamısını dinləyirəm, amma ən sevdiklərim qadınlardan Röya Ayxan, Natavan Həbibi, Aygün Kazımova, Elnarə Xəlilova, yaxın dostum “Hiss”dir. Həmçinin Faiq Ağayev, Zamiq Hüseynov, Ramal İsrafilov, İlqar Muradov və başqalarını çox bəyənirəm, dinləyirəm. Estradadan əlavə rep dinləməyi də çox sevirəm. “Azrep”in bugünkü uşaqları çox güclüdür: Noton M Kalibre (bütün hitlərimin müəllifi), Aslixan və illərdir sevərək dinlədiyim Paster...
Bu sənətin sizə görə ən çətin cəhəti hansıdır?
- Ən çətin cəhəti “ulduzunun nə vaxt parıldayacağı”nı bilməməkdir. Məsələn, nəsə əkirsən və bilirsən ki, payızda bəhər verəcək, amma sənətdə bunu bilmirsən. Çox güclü və səbirli olmalısan bu sənətdə. Elə anda vaz keçə bilərsən ki, bəlkə də son işin səni milyonlara sevdirə bilərdi... Çox çətindir, amma mümkünsüz deyil. Həm də güclü siyasətin olmalıdır. Bu sənətdə elə “akula”lar var ki, insanı udarlar. Lazım gələndə özünü axmaq kimi aparacaqsan, lazım gələndə çoxbilmiş kimi, çünki bu sənət bunu tələb edir...
Ətrafınızdakı insanları hansı xüsusiyyətlərinə görə seçirsiniz?
- Yaxşılığı unudan insan gözümün düşmənidir, pisliyi unudan insan da mənim prizmamda ağılsızdır. Subyektiv düşüncəm belədir... Nankor və avam insanları heç sevmirəm, yeri gələndə özüm də avam oluram, düzdür. İnsani keyfiyyətlərə önəm verirəm. Özündən zəifi, kasıbı əzən biri əsla mənlə bir masada əyləşə bilməz. Mal-mülkünü 2 dəqiqədən bir gözə soxan insanlara nifrət edirəm. Yaşadığı münasibəti hər kəsin içində danışan, qız ya oğlan fərq etmir, mənim çevrəmdə ola bilməz. Kriteriyalarım hədsiz çoxdur, çox çürükçü insanam bu barədə. Yoldaşım çoxdur, dostum azdır...
Sizi ruhdan salmağa çalışan, əməyinizi kiçildən insanlara qarşı münasibətiniz...
-Onları görməzdən gəlirəm, adətən savad, ağıl və etika çərçivəsində, sözün əsl mənasında onları elə bağlayıram ki, artıq danışmağa sözləri qalmır. Bütün bu pis niyyətlər bikarçılıqdan, paxıllıqdan irəli gəlir. İnsanın işi-gücü, başını qatacaq bir həyatı olmayanda qarada da ağ axtarır. Qurdlu insanlara sadəcə dua edə bilərəm, Allah köməkləri olsun, çünki xoşbəxt deyil o insanlar...
Öz oxuduğunuz mahnıları dinləməkdən zövq alırsınızmı?
-Hə, nə yalan deyim. Özümü çox sevirəm, kim bunu mənə qadağa edə bilər ki?! Düzdür, özümə qarşı tənqidi yanaşıram, amma mahnılarımı sevirəm. Çünki çox əmək verirəm hamısına. Ata övladını necə sevirsə, mən də mahnılarımı elə sevirəm. Düşünürəm, biri mənim bahalı maşınımdır, biri villamdır, biri brend geyimimdir, bir sözlə, musiqilərim mənim sərvətimdir.
Özünüzə örnək götürdüyünüz sənətkarlar varmı? Kimlərdən bəhrələnirsiniz?
-Səhnəyə gələndə, müğənni olanda hamı bir söz deyirdi: “sən kasıb adamsan, səni efirə çağıran kimdir, sənə mahnı verən kimdir?!” Mənə ən böyük stimulu Röya Ayxan verib. Çünki gəldiyi sənət yolunu əzbər bilirəm və düşünmüşəm ki, o cür kasıblıq və çətin həyatdan sonra özünü zirvəyə yetirdisə, mən də edərəm. İstəmədən, xəbəri olmadan ən böyük dəstəyi əslində mənə Röya Ayxan verib...
Sonda oxucularımıza nə demək istərdiniz?
-Oxuyan hərkəsə təşəkkür edirəm, sizi sevirəm!
Rəqsanə İbrahimzadə.