24media.az-ın budəfəki müsahibi analitik psixoloq, uşaq neyropsixoloqu Gültəkin Həsənovadır. O, uşaqlara xarici dil öyrətməyin faydalarından və çətinliklərindən danışıb.
-Uşaqlara xarici dil öyrətmək üçün ən doğru yaş hansıdır?

Uşaqlarda xarici dil öyrənmək mövzusu valideynlər və pedaqoqlar üçün maraqlı, eyni zamanda mübahisəli məsələlərdən biridir. Nitqin inkişafı ümumi inkişaf modelindən ayrılmazdır və bu modelin mərhələləri düzgün izlənilmədikdə, uşağın danışıq qabiliyyətində geriləmə müşahidə oluna bilər. İki dilli (bilingual) mühitdə böyüyən uşaqlarda dilin mənimsənilməsi fərqli formalarda baş verir. Əgər valideynlər övladları ilə fərqli dillərdə danışırlarsa – məsələn, ana rus, ata isə Azərbaycan dilində ünsiyyət qurduğu halda dilin inkişafı təbii şəkildə baş verir. Uşaq hər iki dili müəyyən fiqurlarla əlaqələndirərək paralel şəkildə öyrənir. Lakin prosesin düzgün idarə olunmaması bəzi problemlərə yol aça bilər.
-İkinci dil nitqin inkişafına mane ola bilərmi?
Uşaqlar təxminən bir yaşından etibarən aktiv söz ehtiyatını formalaşdırmağa başlayırlar. Bu mərhələdə ikinci bir dilin əlavə olunması bəzən birinci dilin inkişafını zəiflədə bilər. Xüsusilə, əgər uşaq prenatal dövrdə (anadangəlmə) hər hansı problemlə qarşılaşıbsa, beyin dilləri eyni anda mənimsəməkdə çətinlik çəkə bilər. Nəticədə, bir dil digərini sıxışdırır və ya uşağın ümumi nitq inkişafı ləngiyir.
-Beyin dili nə zaman balanslaşdıra bilir?
Uşağın nitqi tam formalaşmadan ikinci bir dilin məcburi şəkildə öyrədilməsi müəyyən problemlərə yol aça bilər. Əgər uşağın beyin inkişafı buna imkan verirsə, bu yaşda hər iki dil kombinasiyaya girərək sabit şəkildə inkişaf edə bilər. Uşağın xarici dil öyrənməsi üçün ilk növbədə ana dilində müəyyən inkişaf mərhələlərini keçməsi vacibdir. Ən kritik dövrlərdən biri iki yaş yarım dövrüdür. Bu mərhələdə uşaq artıq nominativlikdən (yalnız sözləri bilmə) kommunikasiya bacarıqlarına (cümlələr qurma, fikirlər ifadə etmə) keçid etməlidir. Əks halda, ikinci dilin əlavə olunması onun nitq inkişafını çətinləşdirə bilər.
Bütün uşaqlar eyni inkişaf modeli ilə irəliləmədiyinə görə, bəzi istisna hallar da mövcuddur. Dil qabiliyyəti daha yüksək olan uşaqlar erkən yaşda bir neçə dili paralel mənimsəyə bilirlər. Beləliklə, erkən yaşda xarici dil öyrətmək mümkündür, lakin bu hal inkişaf mərhələsinin prinsiplərinə riayət olunduğu təqdirdə keçərlidir.
Fatimə Mustafayeva
