Bu gün:

Fikirləri dəyişmə yolları


Məşhur filosof Karl Popper deyib: “Bilik yalnız fikir ayrılığı ilə inkişaf edir”. Yəni yeni düşüncələrə və fərqli baxışlara açıq olmaq insanın dünyagörüşünü genişləndirir. Amma bir çox insanlar mübahisələr zamanı qarşı tərəfi öz fikrinin doğru olduğuna inandırmağa çalışır və bəzən bunu kobud və sərt üsullarla edir. Halbuki başqalarının fikrini dəyişməyin daha sadə və təsirli yolları var.

Aparılan psixoloji araşdırmalara əsasən, insanların baxış bucağını dəyişmək üçün üç əsas strategiyadan istifadə etmək lazımdır:

1. Maraqlanmaq və düzgün sual vermək

İnsanlar adətən bir mübahisəyə girəndə qarşı tərəfin yalnız öz fikrini qəbul etdirmək istədiyini düşünür. Lakin aparılan tədqiqatlar göstərir ki, əksər hallarda qarşımızdakı insan da bizi anlamağa çalışır. Bunun üçün düzgün suallar vermək vacibdir.

Məsələn, Stanford Universitetində aparılan bir eksperimentdə tələbələrə universitetdə yeni imtahan sistemi tətbiq olunması barədə müzakirələr aparmaları tapşırılıb. Əksər tələbələr bu ideyaya qarşı olub. Onlarla danışan tədqiqatçılar isə iki qrupa bölünüb:

Birinci qrup sadəcə öz arqumentlərini bildirib. İkinci qrup isə qarşı tərəfə belə suallar verib: “Bunu düşünməyinin səbəbi nədir? Bu haqda daha ətraflı danışa bilərsən?”

Nəticədə, ikinci qrupa aid olan tələbələr daha açıq fikirli olub və qarşı tərəfin arqumentlərini dinləməyə daha çox meyilli olublar. Yəni insanları dinləməyə və sorğulamağa təşviq edən suallar onları müdafiə mövqeyindən çıxarıb daha anlayışlı edir.

2. Şəxsi təcrübəni bölüşmək

Bir çox insanlar başqalarını inandırmaq üçün faktlardan və statistik göstəricilərdən istifadə edir. Amma araşdırmalar göstərir ki, insanlar rəsmi məlumatlardan çox real həyat hekayələrinə inanırlar. Məsələn, Şimali Karolina Universitetində aparılan bir araşdırmada iştirakçılara müxtəlif mövzular (abort, silah nəzarəti, vergilər və s.) haqqında fərqli fikirlər təqdim edilib. Onların bir qismi rəsmi statistikalar və faktlarla, digərləri isə şəxsi hekayələrlə izah olunub. Nəticədə, şəxsi təcrübələrə əsaslanan arqumentlər daha inandırıcı və təsirli olub. Hətta bu yanaşma üz-üzə müzakirələrdə də işləyir. 153 nəfərlə aparılan bir eksperimentdə iştirakçılar silah nəzarəti mövzusunda danışıblar. Öz şəxsi təcrübəsini paylaşan insanlar daha məntiqli və etibarlı qəbul edilib. Bu o demək deyil ki, statistik faktlardan istifadə etmək lazım deyil. Əksinə, şəxsi hekayənizi faktlarla dəstəkləmək arqumentinizi daha güclü edə bilər.

3. Nəzakətli və sakit olmaq

Bir çox insanlar mübahisə edərkən emosional reaksiya verir və bu, çox vaxt qarşı tərəfin fikirlərində dəyişiklik yaratmaq əvəzinə, onu daha da inadcıl edir.

Kanadadakı Winnipeg Universitetində aparılan bir araşdırma göstərib ki, mübahisə zamanı kobud və aqressiv olmaq qarşı tərəfi daha da öz fikrinə bağlayır. Əksinə, mehriban və nəzakətli olan insanlar daha çox hörmət qazanır və onların arqumentləri daha ciddi qəbul edilir. Bu yanaşma “Montagu Prinsipi” adlanır və XVIII əsr ingilis aristokratı Leydi Meri Montaguya əsaslanır. O deyirdi: “Nəzakət heç nə tələb etmir, amma hər şeyi qazandırır”.

Mənbə: BBC News

Tərcümə etdi: Nigar Muştaqova




Paylaş
Şərh əlavə et