Bu gün:

Ölüm haqqında yuxular: Şüuraltının təsirləri


İnsanların ölüm və ya intihar haqqında yuxular görməsi qeyri-adi hal deyil, xüsusilə də sevdiklərini itirdikdən sonra. Ölüm haqqında yuxular gündəlik həyatdakı fəaliyyətlər, söhbətlər, qərarlar və münasibətlərdən təsirlənə bilər. 

Ölüm yuxularının növləri və onların mənası

Ölüm yuxuları hər yaşda baş verə bilər və bu yuxuları müxtəlif formalarda görmək mümkündür. Hər bir ölüm yuxusu özünəməxsus məna və simvolizm daşıyır. Bəzi yuxular müəyyən bir ardıcıllıqla təkrarlana bilər, lakin onlar təsadüfi də baş verə bilər. Bəzi yuxular qeyri-müəyyən və bulanıq göründüyü halda, digərləri olduqca canlı və real hiss edilə bilər.

Bəzi yuxuların mənası aşağıda qeyd olunub:

1. Öldürüldüyünü görmək

Öldürüldüyünüzü görmək qeyri-şüuri olaraq özünüzü təhlükədə hiss etdiyinizi göstərə bilər. Həmçinin kimliyinizin bir hissəsini itirdiyiniz düşüncəsinə işarə edə bilər. Bu özünüzdən çox şey verdiyinizi, müəyyən hissləri boğduğunuzu və ya öz ehtiyaclarınıza biganə qaldığınızı ifadə edə bilər.

2. Meyitlər haqqında yuxular

Meyit görmək real həyatda nəyisə buraxmaqda çətinlik çəkdiyinizi simvolizə edə bilər. Bu artıq geri dönüşü olmayan bir qərarı və ya vəziyyəti qəbul etməyin vaxtı çatdığını göstərə bilər. Əgər irəliləməkdə çətinlik çəkirsinizsə, qeyri-şüurunuz sizə artıq bunun vaxtı gəldiyini söyləyir.

3. Başqalarının ölməsini görmək

Başqa bir insanın ölümünü görmək münasibətinizdə dəyişikliklər və ya həmin insanın rifahı ilə bağlı narahatlıqlarınızı ifadə edə bilər. Bu onların sağlamlığı barədə şüuraltı və ya şüurlu narahatlıq keçirdiyinizi göstərə bilər. Xüsusilə yaşlanan valideynləriniz və ya səhhəti zəif olan sevdikləriniz varsa, belə yuxular daha tez-tez görünə bilər.

4. Heyvanların ölməsini görmək

Yuxuda bir heyvanın öldüyünü görmək real həyatda ev heyvanınızla bağlı narahatlığınızı ifadə edə bilər. Belə yuxular öncədən yaşanan kədər kimi qəbul edilə bilər. Əgər ev heyvanınız zədələnibsə, yaşlanırsa və ya xəstələnibsə, onu itirmək qorxusu bu tip yuxulara səbəb ola bilər.

5. Dəfn mərasiminə getmək

Dəfn mərasiminə qatılmaq haqqında yuxular real həyatda nəyisə buraxmaq və ya keçmişdə qalmış bir şeydən ayrılmaq ehtiyacını göstərə bilər. Məsələn, bu yuxu sizin üçün artıq mənasını itirmiş bir münasibəti və ya işi bitirməyin vaxtı gəldiyini bildirə bilər. Əgər yuxuda konkret bir sevdiyiniz insanın dəfninə gedirsinizsə, bu sizin aranızda həll olunmamış bir məsələnin olduğuna işarə edə bilər.

6. Xəstəlikdən ölmək

Xüsusi bir xəstəlikdən öldüyünüzü görmək gündəlik həyatınızdakı problemli vərdişlərdən narahat olduğunuzu göstərə bilər. Məsələn, həddindən artıq spirtli içki içirsinizsə və yuxuda sirrozdən öldüyünüzü görürsünüzsə, bu, qeyri-şüurunuzun sizə sağlamlığınıza daha çox diqqət yetirməli olduğunuzu bildirməsi ola bilər. Eyni şəkildə, düzgün qidalanmırsınızsa və ya kifayət qədər fiziki aktivlik göstərmirsinizsə, infarktdan öldüyünüzü görmək qeyri-şüurunuzun sizi daha yaxşı həyat tərzinə təşviq etdiyini göstərə bilər.

Mənbə: ChoosingTherapy.com

Tərcümə etdi: Arzu Qafarova

Paylaş
Şərh əlavə et