Vincent van Qoqun həyatının ən çətin dövründə ona dəstək olan gözlənilməz bir dostu olub– Arlesdə poçtalyon işləyən Joseph Roulin. Bu dostluq indi Boston İncəsənət Muzeyində açılacaq “Van Qoq: Roulin Ailəsinin Portretləri” sərgisi ilə yenidən gündəmə gəlir.

Dostluğun başlanğıcı
1888-ci ilin dekabrında, Van Qoq öz qulağını kəsdiyi gün ona ilk kömək edən Roulin olub. O, rəssamın xəstəxanaya yerləşdirilməsinə kömək edib, qaldığı müddətdə onu ziyarət edib və hətta qardaşı Teoya onun vəziyyəti barədə məktublar yazıb. Van Qoq onu “çox mehriban və müdrik bir insan” kimi təsvir edib.
Roulin təkcə model deyil, həm də Van Qoqun yaxın dostu olub. Onlar birlikdə vaxt keçirib, söhbətlər edib və bir-birlərinə dəstək olublar. Van Qoq onu “Sokrat” ləqəbi ilə çağırıb, çünki onun böyük saqqalı və dərin düşüncələri olub.
Van Qoqun Roulin ailəsi ilə əlaqəsi
Poçtalyonun özü ilə yanaşı, onun həyat yoldaşı Augustine və üç övladı da Van Qoqun fırçasından keçib. O, ailənin 26 portretini çəkib. Bu portretlər arasında ən məşhurları “Beşik Mahnısı: Madam Roulin” və “Roulinin Oğullarıdır”. Bu rəsmlərdə ailə üzvlərinin həyat sevincini və səmimiliyini əks etdirib.
Van Qoq özü ailə sahibi olmasa da, Roulin ailəsi ona bu hissləri yaşamağa imkan verib. O, Teoya yazdığı bir məktubda Roulinin körpə qızını oynadıb güldürdüyünü heyranlıqla təsvir edib.
Van Qoqun rəssamlıq tərzinin İnkişafı
Roulin ailəsi sayəsində Van Qoq portret janrında yeni üslublar sınayıb. O yalnız insanları vizual olaraq təsvir etməyib, eyni zamanda, onların daxili dünyasını, hisslərini rənglər və fırça texnikası ilə ifadə edib.
Əgər Roulinin dəstəyi olmasaydı, Van Qoq, bəlkə də, dərin depressiyasının öhdəsindən gələ bilməzdi. Onun həyatı faciəvi şəkildə qısa olsa da, son 70 günündə 70 əsər yaradaraq dünya incəsənətinə misilsiz bir miras qoyub.
Bu sərgi Van Qoqun kədər dolu həyatını göstərməklə yanaşı, eyni zamanda, dostluğun və dəstəyin insan üçün nə qədər güclü bir təsirə malik olduğunu vurğulayır.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
