Bu gün:

Xərçəng diaqnozunda irəliləyiş


İngiltərədə edilən qan testi hər üç xərçəngdən ikisini düzgün müəyyən edə bildi.

İngiltərədə tədqiqatçılar Milli Səhiyyə Xidməti (NHS) tərəfindən aparılan qan testinin 50-dən çox xərçəng növünü aşkar etmək üçün vəd verdiyini bildiriblər.

BBC Türkün xəbərinə görə, İngiltərə və Uelsdə bəzi şübhəli əlamətlərlə ailə həkimlərinə müraciət edən 5 min adamda edilən testlər xərçəngin üçdə ikisini düzgün təsbit edib. Test, həmçinin, xərçəng hallarının 85 faizində xəstəliyin əsl yerini müəyyən edib.

"Galleri" adlanan test, müxtəlif xərçəng növlərindən sızan genetik kodun hissələrində spesifik dəyişiklikləri axtarır. Müalicə edilə bilən xərçəng növlərinin testlərlə erkən aşkarlanması həyatını xilas edə bilər.

Oksford Universitetinin tədqiqatçıları testin hələ də "inkişaf üçün açıq olduğunu" bildirirlər. Bununla belə, ekspertlər bunun xərçəng diaqnozu qoyula bilən halların sayını artıra biləcəyini deyirlər.

Tədqiqata daxil edilən xəstələrin 350-dən çoxunda skan və biopsiya kimi ənənəvi üsullardan istifadə edərək xərçəng diaqnozu qoyulub. Araşdırmada qan testi müsbət çıxan xəstələrin yüzdə 75-i, qan analizi mənfi çıxan xəstələrin 2,5 faizində xərçəng aşkarlanıb.

Araşdırmanın koordinatorlarından biri olan prof. Mark Middleton BBC-yə verdiyi açıqlamada testin hələ də xərçəngə qəti diaqnoz qoymaq üçün kifayət qədər dəqiq olmasa da, həqiqətən, faydalı olduğunu söylədi: "Test 85 faiz dəqiqliklə xərçəngin mənbəyini müəyyən edə bildi. Testin proqnozları ilə endoskopiya və ya skan etmək istədiyimizə qərar verə biləcəyik."

Testin nəticələri Çikaqoda Amerika Klinik Onkologiya Cəmiyyətinin konfransında təqdim olunacaq və The Lancet Oncology jurnalında dərc olunacaq.

NHS, həmçinin, Amerikanın Grail şirkəti tərəfindən hazırlanmış Galleri testini simptomları olmayan minlərlə insan üzərində sınayır və onun gizli xərçəngi aşkar edib-etməyəcəyini yoxlayır. Bununla bağlı araşdırmaların ilk nəticələrinin bu il açıqlanması gözlənilir. Uğurlu olarsa, NHS 2024 və 2025-ci illərdə bir milyondan çox insan üzərində işləməyə davam etmək istəyir.

Mənbə: Sözcü

Tərcümə etdi: Namiq Atamalıyev

Paylaş
Şərh əlavə et