Bu gün:

FOMO nədir?


Bu gün sosial medianın geniş yayılması ilə çox insan FOMO (Fear of Missing Out) – bir şeyləri qaçırmaq qorxusunu yaşayır.

FOMO nədir?

FOMO, bir hadisəni, xəbəri və ya sosial media yeniliklərini qaçırmaq qorxusudur. Bu hiss, insanın sosial mediaya həddindən artıq bağlı qalmasına və başqalarının əyləncəli və vacib anlarını qaçırdığı düşüncəsinə səbəb ola bilər. Nəticədə, bu vəziyyət psixoloji rifaha mənfi təsir edərək narahatlıq və stres yarada bilər.


FOMO-nun səbəbləri nələrdir?

FOMO-nun yaranmasında bir çox amillər rol oynayır. Ən çox yayılmış səbəbləri bunlardır:


Sosial müqayisə: Sosial mediada paylaşılan idealizasiya olunmuş həyat tərzi insanlarda öz həyatlarının yetərsiz olduğu hissini yarada bilər. Bu, özgüvən problemlərinə, narazılığa və hətta stresə səbəb ola bilər.


Mənsub olmaq ehtiyacı: İnsanlar cəmiyyətə aid olduqlarını hiss etmək istəyir və bu səbəbdən sosial mediada daha çox vaxt keçirirlər. Beləliklə, onlar təcrid olunma qorxusunu azaltmağa çalışsalar da, əksinə, real sosial münasibətlərdən uzaqlaşaraq təkliyə daha çox məruz qala bilərlər.


İstifadəçi mədəniyyəti: Ən son trendləri, imkanları və ya təcrübələri qaçırmamaq üçün sosial mediada daim aktiv olmaq, FOMO hissini gücləndirə bilər. Bu vəziyyət insanlarda narahatlıq yaradaraq, sosial mediaya həddindən artıq bağlılığa səbəb ola bilər.


Məlumat əldə etmək narahatlığı: Mövcud xəbərləri qaçırmamaq və qeyri-müəyyənlik hissindən qurtulmaq üçün insanlar sosial mediada daha çox vaxt keçirə bilər. Lakin bu vərdiş, informasiya yükünü artıraraq narahatlıq və stresə səbəb ola bilər.


Özünə hörmətin aşağı olması: Öz həyatlarından narazı olan insanlar, başqalarının həyatlarını idealizə edərək onlarla müqayisə etməyə meyllidirlər. Bu da onlarda özünə inamsızlıq və narazılıq hisslərini gücləndirə bilər.


Yalnızlıq sindromu: Sosial medianın təqdim etdiyi virtual qarşılıqlı əlaqə, özünü tənha hiss edən insanlar üçün müvəqqəti bir qaçış yolu ola bilər. Lakin bu, real sosial münasibətlərin əvəzedicisi olmadığından, uzun müddətdə tənhalıq hissini daha da gücləndirə bilər.


FOMO-nun əsas göstəriciləri nələrdir?

Həddindən artıq sosial media istifadəsi və daimi bildirişlərin yoxlanılması;


Əlaqənin olmaması ilə bağlı narahatlıq;


Daimi müqayisə və özünə inamın aşağı səviyyədə olması;


Yuxu pozğunluğu və artan stress səviyyəsi. 


FOMO-nun mənfi təsirləri

Artan narahatlıq və stress;


Sosial təcrid və təklik hissləri;


Daimi xərclər və planlaşdırılmamış qərarlar;


Özünə inamın olmaması və narazılıq hissi. 


FOMO, müasir dövrün ən geniş yayılmış psixoloji narahatlıqlarından birinə çevrilib. Sosial media asılılığı, həddindən artıq müqayisə və narahatlıq pozğunluqları ilə bağlı olan bu vəziyyətin öhdəsindən gəlmək üçün rəqəmsal vərdişləri tənzimləmək və fərdi məlumatlılığı artırmaq vacibdir. Öz həyatınızı dəyərləndirmək və indiki anın dəyərini anlamaq, FOMO-nu aradan qaldırmağın ən təsirli yollarından biridir.


Mənbə: Fikrimucit


Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et