Bu gün:

Bağçalarda uşaqların düzgün qidalanması


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı KTM PHŞ 2 saylı Kliniki uşaq xəstəxanasının pediatrı Könül Ağayevadır. Könül Ağayeva uşaqların düzgün qidalanması haqqında danışıb. 

- Bağçada uşaqların qidalanması necə olmalıdır?

Uşaqların normal, sağlam inkişafını təmin edən ən vacib komponent onların düzgün qidalanmasıdır. Düzgün qidalanma immunitet sisteminin artmasına, xəstəliklərə qarşı dözümlülüyün yaranmasına səbəb olur. Uşaq bağçasına gedən uşaqların keyfiyyətli və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi çox əhəmiyyətlidir. Uşaqların qida rasionunda kalorili, vitaminlərlə zəngin qida məhsulları- süd və süd məhsulları, meyvə-tərəvəz, ət üstünlük təşkil etməlidir. Yaddan çıxarmayaq ki, gələcək nəsillərin fiziki və psixi cəhətdən normal inkişafında, sağlam böyüməsində məhz qidalanma böyuk rol oynayır. Valideynlərin nəzərinə çatdıraq ki, uşaqları tez hazırlanan qida məhsulları, hazır meyvə şirələri, saxlanma müddəti çox olan şirniyyat və qidalardan uzaq tutsunlar.

24.media.az xatırladır ki, "Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında" Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 saylı qərarı var. Həmin qərarda "Uşaq bağçalarında, uşaq evlərində və məktəbəqədər uşaq sanatoriyalarında uşaqlar üçün qida normaları" (1 uşağa sutka ərzində qramla) əks olunub. 4-6 yaş uşaqların bağçada qalma müddəti 10-12-24 saat təşkil edir. 10 saat qaldıqda uşaq həmin müddətdə 87 qram I növ buğda çörəyi ilə qidalanmalıdır. II növ buğda çörəyi üçün bu norma 33, buğda unu I növ üçün isə 23 qramdır. 10 saat müddətində bağçada qalan uşaq 37 qram yarma, makaron məmulatları, paxlalarla qidalanmalıdır. Bağçada qalan uşağa 10 saat ərzində 155 qram kartof, müxtəlif tərəvəzlər 200-400 qram, təzə meyvələr 80-100, meyvə və tərəvəz şirələri 80-200, qurudulmuş meyvələr 3-5, şəkər 55, kərə yağı 23-26-23-28 qram, yumurta 0, 5 ədəd, süd, kefir, qatıq 462 qram, kəsmik 48, ət, quş əti 85-100, balıq 32-41, xama 8, pendir 20 qram verilməlidir. Qənnadı məmulatları (peçenye və s.) 10 qram təşkil etməlidir.

Fidan Abdullayeva 

Paylaş
Şərh əlavə et