Bu gün:

Autizm futbolda mənim üçün üstünlük olub – Lyusi Bronz


Lyusi Bronz həmişə fərqli olduğunu bilirdi. Uşaqkən komandadaşlarının davranışlarını təqlid etməyə çalışırdı.

33 yaşlı İngiltərə millisinin üzvü Liverpool, Manchester City, Lyon, Barcelona və Chelsea klublarında çıxış edərək 22 böyük titul qazanıb. O, 2022-ci ildə Avropa çempionu, 2023-cü ildə isə dünya çempionatının finalçısı olub.

Anası onun autizmli ola biləcəyini düşünürdü, lakin Bronz yalnız dörd il əvvəl rəsmi diaqnoz aldı. Onun həm də diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (ADHD) var.

“Hər şeyi fərqli görürdüm”

Bronz məktəbdə oxumaqda və yazmaqda çətinlik çəkirdi, buna görə də disleksiya diaqnozu qoyulmuşdu. O, həmçinin yuxu problemləri yaşayır və danışarkən göz təmasını qorumaqda çətinlik çəkir. Oyunda saçlarına toxunması isə əslində özünü sakitləşdirmək üçün bir vərdişdir.

O, İngiltərə millisinin düşərgəsində olarkən autizm və ADHD diaqnozunu aldı. “Bu, mənim üçün böyük bir açıqlama oldu. Nə üçün bəzi situasiyalara başqalarından fərqli reaksiya verdiyimi başa düşdüm” deyə o bildirib.

Gənclik illərində Bronz autizmini gizlətməyə çalışıb. O, insanlarla göz təması qurmaq və qucaqlaşmaq kimi sosial normaları öyrənməli olub. "Artıq insanlar qucaqlaşmağı xoşlamadığımı bilir və buna görə məni mühakimə etmirlər" deyə əlavə edib.

Autizm onun gücünə çevrilib

"İnsanlar məni futbola həvəsli adlandırırlar, amma bu, həvəs deyil, bir növ obsesiyadır. Bu, autizmin mənə verdiyi bir xüsusiyyətdir” deyə Bronz vurğulayıb.

O, futbolda uzunömürlü olmasını da autizminə bağlayır. "Autizm və ADHD üçün ən yaxşı şey məşq və hərəkətdə olmaqdır. Mənim üçün gündəlik məşqlər mükəmməl terapiyadır.”

Bronz indi Milli Autizm Cəmiyyətinin səfiri kimi autizm haqqında maarifləndirmə aparır və stiqmanı aradan qaldırmağa çalışır. "İnsanlar məni başa düşməyəndə çətin olurdu. İndi isə digərlərinə kömək etmək istəyirəm” deyə bildirib.

Futbol Bronz üçün həyatda əsas istiqamət olub, amma gələcəkdə nə edəcəyini də düşünür: "Hamı futboldan sonra nə edəcəyimlə bağlı narahatdır. Amma mən bir yol tapacağam. Çünki mən sadəcə oynamağa deyil, məşqçilikdən idarəçiliyə qədər hər şeyə maraq göstərirəm."


Mənbə:BBC

Tərcümə etdi: Leila Musayeva

Paylaş
Şərh əlavə et