Bu gün:

Osaka Mayami qələbəsindən sonra "böyük oyunçularla oynamaq" istəyir


Keçmiş dünya birincisi Naomi Osaka Mayami Açıq turnirinin birinci raundunda Yuliia Starodubtsevaya qarşı üç setlik qələbə qazandıqdan sonra yenidən "böyük oyunçularla oynamaq" istədiyini bildirib.

Osaka Ukraynalı Starodubtsevaya qarşı ilk seti uduzsa da, 3-6, 6-4, 6-3 hesabı ilə qalib gələrək, yanvar ayında Avstraliya Açıq turnirinin ikinci raundundan sonra ilk qələbəsini əldə etdi.

Bu, yaponiyalı oyunçunun iki həftə əvvəl Indian Uells turnirində Camila Osoriyoya qarşı ilk raundda məğlubiyyətini "həyatımda oynadığım ən pis oyun" kimi təsvir etməsindən sonra baş verdi.

"Mən böyük oyunçularla oynamaq istəyirəm və hər kəsin çox yaxşı oynadığını görürəm. Mən də eyni səviyyədə olmaq istəyirəm," – Osaka Starodubtsevaya qarşı iki saat yarımlıq gərgin matçdan sonra bildirib.

"Amma unutmaq olmaz ki, bu, bir prosesdir."

Dördqat Böyük Dəbilqə çempionu bir neçə dəfə psixi sağlamlığını prioritet hesab edərək və həmçinin analıq məzuniyyəti səbəbindən fasilələr verib.

O, 2021-ci ildə Avstraliya Açıq turnirində qazandığı son çempionluqdan sonra heç bir Böyük Dəbilqə turnirində üçüncü raunddan irəli gedə bilməyib.

"Bilirəm ki, yaxşı oynamırdım, amma düşündüm ki, 'mümkün qədər meydanda qalım', çünki Mayamini öz evim hesab edirəm," – Osaka əlavə edib.

"Indian Uellsdə çox sərt zərbələr vururdum, ona görə də bu dəfə ayaqlarımdan istifadə etməyə çalışdım.”

"Mən meydançanın hər küncünə qaçmağa hazır idim və rəqibim məni məğlub etmək istəyirdisə, üç saatlıq oyun oynamalı olacaqdıq."

Mənbə:BBC

Tərcümə etdi:Leila Musayeva 


Paylaş
Şərh əlavə et