Bu gün:

“Özünüzü boş-boş yormağınızdan xoşum gəlir” - Erkin Erginlə MÜSAHİBƏ


24Media-nın budəfəki müsahibi "stand-up"çı, ssenarist və rejissor Erkin Ergindir.

Özünüzü oxucularımıza necə təqdim edərdiniz?

-Mən istəyirəm ki, hamı məni yaxın adamı, dostu kimi tanısın, peşəmə və ya başqa şeylərə görə yox. Əslində tanınmağı çox da sevmirəm. Həmişə belə şeylər sıxıb məni. Tanınmaq, məşhur olmaqdan daha çox sevilməyi sevirəm.

Azərbaycanda “stand-up” anlayışı...

-Azərbaycanda səhnədə tək durub gülməli şeylər danışan adama "stand-up"çı deyirlər, halbuki bunun adı monoloqdur. "Stand-up" isə səhnədə, kafedə, bir sözlə, izləyicilərin bir yerə toplana biləcəyi məkanlarda onlarla söhbət edən, ortaya maraqlı yanaşma, fikir qoyan və bütün bunları insanları əyləndirərək edən şəxsin sənətinə deyilir.

Sizcə, yumoru ucuzlaşdıran kimlərdir?

-Ucuzlaşdırmaq, təəssüf ki, bizim mentalitetdə var. Hər şeyi ucuz almaq, dəyərini aşağı salmaq qanımıza hopub. Bunu yumorda edənlər isə savadsız, düzgün təhsil almayan insanlardır. Onların yumoruna da özləri kimi insanlar baxır. Təəssüf ki, belə insanlar az deyil.

Bu gün çəkilən komediya filmləri sizi qane edirmi?

-Etmir. Amma məcburdurlar. Çünki maliyyə ayıran və izləyən kütlənin təlabatı budur. Amma qəribəsi odur ki, xaricdən kiməsə maliyyə ayrılır və onlardan şedevr tələb olunur. İstər tamaşaçı, istər investor olsun... Bu bilirsiniz, nəyə oxşayır, dünyada o qədər biznes var ki, böyük ölkələrdə qurursan, uğurlu olur, bizdə edəndə isə batır. Amma o ideyanı xaricdən kimsə gətirəndə tutur.

Fəaliyyətinizə Azərbaycandan kənarda davam etməyi düşünürsünüzmü?

-Bunun üçün artıq 3 ildir ki, əlimdən gələni edirəm. Qarşımı gah maliyyə, gah da şəxsi problemlər kəsir. Qalan hər şey qaydasındadır. Nə deyək, qismət...

Sizi ruhdan salmağa çalışan, əməyinizi kiçildən insanlara qarşı münasibətiniz...

-İnsanlar bunu mənə qarşı etməyi bacarmırlar. Amma hər hansı bir həyati hadisə bunu edə bilər. Hər bir halda bunu edən şəxslərə demək istərdim ki, davam edin. Özünüzü boş-boş yormağınızdan xoşum gəlir.

Bir çox peşəkarlar yenilər haqqında o qədər də ürəkaçan sözlər demirlər. Sizcə, bunun səbəbi nədir?

-Yeni-köhnə anlayışı mənim üçün yoxdur. Amma “yoxdur” deməklə olmur. Mənim üçün olmasa da, dünyanın düzəni belədir. Səbəb isə insanların neqativ, kinli və bikar olmasındadır. İnsan yaşadıqca özünə dəyər verməli, ətrafa və özündən sonrakılara pozitivlik ötürməlidir.

Bu gün yaxşı film çəkmək üçün hansı şərtlər vacibdir?

-Keyfiyyətli yumor axtarmaq, intellektual hədəf kütləsini bir yerə toplamaq, maliyyə, ssenari, yaxşı aktyorlar...

Kumiriniz olan aktyor və rejissorlar kimlərdir?

-Cim Kerri, Leonardo DiKaprionu kumirim hesab etmək olar. Amma çox aktyor və komediyaçıları izləyirəm. Rejissor kimi isə Devid Zuker və Tarantino...

Rəqsanə İbrahimzadə.

Paylaş
Şərh əlavə et