Bu gün:

Şiddət əhatə edən video oyunlar aqressiyanı artırır?


Şiddət tərkibli video oyunlarının aqressiyanı artırdığı və zorakı davranışlara səbəb olduğu barədə müzakirələr uzun illərdir davam edir. Bəzi araşdırmalar göstərir ki, bu oyunları oynayan şəxslər qısamüddətli emosional yüksəliş və aqressiv reaksiyalar nümayiş etdirə bilərlər. Məsələn, 98 araşdırmanın nəticələrini birləşdirən meta-analiz bu oyunların oyunçularda müvəqqəti aqressiv reaksiyalar doğura biləcəyini müəyyən edib. İtaliyada aparılan bir tədqiqat isə “Grand Theft Auto V” oynayan şəxslərin oyundan sonra aldatma meyillərinin artdığını və digər oyunçulara qarşı daha sərt reaksiya verdiklərini göstərib.

Lakin digər tədqiqatlar məsələyə fərqli yanaşaraq bildirir ki, şiddət tərkibli oyunlarla aqressiv davranışlar arasında birbaşa səbəb-nəticə əlaqəsi yoxdur. Bəzi alimlər iddia edir ki, aqressiv insanlar təbii olaraq bu tip oyunlara daha çox maraq göstərə bilərlər. Texasda aparılan üçillik araşdırma da şiddət tərkibli oyunlarla real həyatda zorakı davranışlar arasında heç bir əlaqə aşkar etməyib. Əksinə, video oyunların populyarlaşdığı dövrdən bəri gənclər arasında cinayət halları 88% azalıb. Əgər bu oyunlar zorakılığı artırırsa, bunun əksi müşahidə olunmalı idi.

Mütəxəssislər bildirirlər ki, zorakılığın əsas səbəbləri arasında ailədaxili şiddət, travmatik təcrübələr və psixoloji faktorlar dayanır. Bu baxımdan, video oyunların aqressiyaya təsirini şişirtməkdənsə, zorakı davranışların real səbəblərinə yönəlmək daha məqsədəuyğundur.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et