Hələ kinoteatrlara çıxmazdan əvvəl “Qar Qız “ tənqidlərin və mübahisələrin mərkəzinə düşüb. Disney-in 1937-ci ildəki klassik animasiyasının canlı fəaliyyət versiyası kimi planlaşdırılan bu film gözlənildiyi kimi böyük uğur qazanmaq əvəzinə, sosial və siyasi qarşıdurmaların simvoluna çevrilib.
İlk qalmaqal baş rol ifaçısı Reyçel Zeglerin seçilməsi ilə başlayıb. Kolumbiya əsilli aktrisanın “Qar Qız” roluna uyğun olub-olmaması sosial mediada uzun müzakirələrə səbəb olub. Lakin əsl fırtına onun Fələstinə dəstək ifadə edən sözləri və eyni zamanda filmdə ögey ana rolunu oynayan israilli aktrisa Qal Qadotun İsrailə açıq dəstəyi ilə başlayıb. Bu,həm fələstinpərəstlər, həm də İsrail tərəfdarları arasında filmi siyasi arenaya çevirib.
Məsələ bununla bitməyib. 2024-cü ildə ABŞ-da keçirilən prezident seçkilərindən sonra Zegler Tramp tərəfdarlarını hədəfə alan paylaşım edib və daha da mübahisəli fiqura çevrilib. Sonradan üzr istəsə də, bu, Disney üçün artıq böyük PR problem idi.
Disney bu yeni versiyada 1937-ci il animasiyasının bəzi “problemli” elementlərini dəyişdirmək istəyib. Məsələn, orijinal versiyada qar qız şahzadəsini gözləyən passiv bir obraz kimi təsvir edilib. Yeni versiyada isə o, daha müstəqil və güclü göstərilib. Lakin bu dəyişiklik bəzi mühafizəkar dairələr tərəfindən “Disney-in feminist təbliğat aparması” kimi qəbul olunub.
Digər qalmaqal isə cırtdanlarla bağlı olub. Orijinal nağıldakı cırtdanlar bu versiyada “sehrli varlıqlar” kimi təqdim edilib və CGI (kompüter qrafikası) ilə yaradılıb. Peter Dinkleyc kimi məşhur cırtdan aktyorlar bu addımı stereotiplərə qarşı bir addım kimi alqışlasa da, digər cırtdan aktyorlar Disney-i iş imkanlarını əllərindən almaqda günahlandırıb.
Siyasi və sosial qalmaqalları bir kənara qoysaq, film sadəcə vizual və musiqi baxımından da gözlənilən səviyyədə deyil. İlk tam treyler yayımlandıqdan sonra CGI-nın keyfiyyəti sərt tənqidlərə məruz qalıb. The Guardian treyleri “ekrana gətirilən ən çirkin şey” adlandırıb.
Bundan əlavə, filmin mahnıları da Disney-in əvvəlki möhtəşəm musiqi ənənəsindən geri qalan kimi görünür. “La La Land” filminin bəstəkarları tərəfindən yazılan yeni mahnılar kifayət qədər bəsit və ruhsuz hesab olunur.
Disney-in əvvəlki qalmaqallı filmlərinə baxsaq, “Qar Qız” ın hələ də kassa uğuru qazanma ehtimalı var. Məsələn, “Moana 2” və “Mufasa”:”The Lion King” kimi filmlər tənqidlərə baxmayaraq milyardlarla dollar qazanıb.
Lakin əgər bu film də uğursuz olarsa, Disney-in “oyanış mədəniyyəti” yönümlü strategiyasına qarşı daha ciddi suallar yaranacaq.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
