
Luis Hamilton Ferrari ilə ilk yarışını Avstraliya Qran-Prisində 10-cu yerdə bitirdi və bunu "böyük bir sınaq" adlandırdı. Yarış zamanı qısa müddətə liderliyi ələ keçirsə də, yağışın başlaması ilə düzgün strategiya seçilməməsi onu geriyə saldı.
"Özümü sanki dərin sularda hiss edirdim. Maşına heç bir etibarım yox idi, dəfələrlə divara çırpılmağa yaxın idim", – deyə 40 yaşlı sürücü bildirib.
McLaren pilotu Lando Norris yarışı qazandı, Red Bull-dan Maks Ferstappen ikinci, Mercedes-dən Corc Rassell isə üçüncü oldu.
Hamilton komandasının yağış təkərlərinə keçid qərarını gec verdiyini düşünür: "Son sektorda hər kəs trasdan çıxırdı, amma mən maşını idarə edə bilirdim. Hətta bir anlıq liderliyə yüksəldim. Lakin son iki dövrədə yağış gücləndi və məhz o zaman pit-stop etməli idik”.
Ferrari komanda rəhbəri Frederik Vasser strategiyada səhv etdiklərini qəbul edib: "Bu, pit-wall ilə sürücü arasında ilk ciddi ünsiyyət idi. Üzərində işləməliyik və gələn həftə Çində daha yaxşı olmalıyıq”.
Ferrari-nin digər pilotu Şarl Lekler də eyni strategiyanı seçdi və yarışı Hamiltonun iki pillə önündə – 8-ci yerdə tamamladı. Vasserin fikrincə, Ferrari-nin real performansı McLaren-in arxasında olmalıdır və Çində vəziyyəti düzəltməyə çalışacaqlar.
Mənbə: BBC
Tərcümə etdi: Leila Musayeva
