İstifadə etdiyimiz ay adları tarix boyu müxtəlif sivilizasiyaların mədəniyyəti, mifologiyası və dili tərəfindən formalaşdırılmışdır. Hazırda işlədilən Qriqorian təqvimi, Roma İmperiyasının Julian təqviminə əsaslanır və ay adlarının çoxu Latın dilindən gəlir.

Hər ayın adı qədim tanrılar, hökmdarlar və ya ədədi ardıcıllıqla bağlıdır. İndi isə gəlin bu adların mənşəyinə qısa nəzər salaq.
Yanvar
Yanvar ayının latınca adı “Ianuarius”dır və Roma mifologiyasındakı Yanus tanrısının adından gəlir. Yanus başlanğıc və sonun tanrısıdır, iki üzü olduğu üçün həm keçmişə, həm də gələcəyə baxa bilir. Buna görə də yeni ilin ilk ayı onun şərəfinə adlandırılmışdır.
Fevral
Fevral ayının latınca adı “Februarius”dır və Roma mifologiyasındakı “Februa” adlı təmizlənmə festivalından gəlir. Bu festival ilin sonunda keçirilir və günahları, pis ruhları uzaqlaşdırmaq üçün bir təmizlənmə mərasimi hesab olunurdu.
Mart
Mart ayı adını Roma müharibə tanrısı Marsdan götürür. Roma təqviminin birinci ayı olan mart müharibə mövsümünün başlanğıcı hesab olunub. Buna görə də hərbi uğurlar və qələbələrlə əlaqələndirilir.
Aprel
Aprel ayının adı latınca “açmaq” mənasını verən “Aperire” sözündən gəlir. Bu, yaz fəslində təbiətin oyanması və çiçəklərin açılması ilə əlaqələndirilir. Bəzi mənbələrə görə, bu ay həm də sevgi və gözəllik ilahəsi Veneraya həsr olunmuşdur.
May
May ayı Roma böyümə və məhsuldarlıq ilahəsi Mayanın adını daşıyır. Maya yerin məhsuldarlığını və zənginliyini təmsil edir, buna görə də, bu ay baharın dolğunluğunu və bolluğunu simvolizə edərək onunla əlaqələndirilir.
İyun
İyun ayı Roma mifologiyasındakı baş ilahə Juno şərəfinə adlandırılıb. Juno evlilik və doğumun himayədarı sayılır. Buna görə də, iyun ayı tarixən nikahların tez-tez bağlandığı dövr kimi tanınır.
İyul
İyul ayı Roma imperatoru Yuli Sezarın şərəfinə adlandırılıb. O, təqvimdə islahatlar apararaq Julian təqvimini yaratdı. Onun ölümündən sonra əvvəllər “Kvintilis” (beşinci ay) adlanan bu ay, xatirəsinə ehtiram olaraq “İyul” adını alıb.
Avqust
Avqust ayı Roma imperatoru Avqustun adını daşıyır. Avqust Roma İmperiyasının ilk imperatoru kimi böyük uğur qazanıb və bu ay onun şərəfinə adlandırılıb. Keçmişdə bu ayın adı “Sextilis” olub.
Sentyabr
Sentyabr latınca "Septem" sözündən gəlir və yeddinci ay deməkdir. Roma təqviminin ilkin olaraq martla başladığını nəzərə alsaq, sentyabr əslində yeddinci ay olub.
Oktyabr
Oktyabr latınca "səkkiz" deməkdir. Roma təqvimində səkkizinci ay olan oktyabr öz adını əmrdən götürüb.
Noyabr
Noyabr ayı Latın dilində "Novem", yəni doqquz deməkdir. Roma təqviminin doqquzuncu ayıdır.
Dekabr
Dekabr latınca "on" deməkdir. Roma təqvimində onuncu ayı hesab edilən dekabr ili bağlayan ay kimi hesab edilir.
Təqvimdəki bu ay adları Roma sivilizasiyasının mirası kimi bu günə qədər gəlib çataraq zamanla müxtəlif dillərdə kiçik dəyişikliklərə məruz qalıb. Bununla belə, onların mənşəyi qədim dünyanın inanclarını, mifologiyalarını və həyat nümunələrini anlamaq üçün mühüm fikirlər formalaşdırır.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Dilbər Paşazadə
