Bir çox məşhur sənət əsərləri elə detallar, simvollar və sirlər gizlədir ki, hətta təcrübəli sənətsevərlər belə onları gözündən qaçıra bilər. Hər bir fırça zərbəsi, rəng seçimi və kompozisiya elementi əsərə yeni mənalar qataraq tamaşaçının baxış bucağını dəyişə bilər. Bu gizli məqamları aşkar etmək sənətə olan dəyəri artırır və rəssamın niyyətini daha yaxşı anlamağa kömək edir.

Vinsent van Qoqun "Ulduzlu gecə" əsəri
Vinsent van Qoqun "Ulduzlu gecə" əsərindəki burulğanlı, canlı səma tamaşaçını duyğular və hərəkətlərin fırtınasına çəkir. Lakin bu rəsmdə təkcə hisslər deyil, həm də dövrün elmi kəşfləri əks olunur. Van Qoq işıq və rəng haqqında aparılan son araşdırmalardan təsirlənərək bu elmi prinsipləri əsərinə ustalıqla daxil edib. Beləliklə, "Ulduzlu gecə" sadəcə bir rəsm deyil, sənətlə elmin vəhdətini təcəssüm etdirən unikal bir ifadədir.
Şəxsi simvolizm
Əsərin əsas elementlərindən biri olan sərv ağacı səmaya doğru yüksəlir, eyni zamanda, ölümü və sülhü simvolizə edir. Bu ikili simvolizm Van Qoqun daxili mübarizəsini, ümidsizlik və rahatlıq axtarışı arasındakı ziddiyyətini açıq şəkildə əks etdirir. Şəxsi həyat hekayələri sənətdə simvolizmi daha da mənalı edir və rəssamın yaşantılarının yaratdığı təsvirləri daha dərindən anlamağımıza kömək edir.

Pablo Pikassonun "Gernika" əsəri
Pablo Pikassonun Gernika əsəri müharibənin dəhşətlərinə qarşı güclü bir etirazdır. Parçalanmış insan fiqurları və xaotik təsvirlər İspaniya Vətəndaş Müharibəsi zamanı yaşanan dağıntıları və insan faciəsini əks etdirir. Hər bir element günahsız insanların zorakılıq və əzab içində yaşadığı reallığı təsvir edir. Bu cəhətlər Gernika əsərini yalnız sənət deyil, eyni zamanda sülh çağırışı edən tarixi bir ifadəyə çevirir.
Ümid simvolları
Bütün ümidsizliyə baxmayaraq, Pikasso əsərdə dirəniş və ümid rəmzlərini də gizlədib. Məsələn, qılıncın ucundan çıxan kiçik çiçək dağıntılar içində belə yeni həyatın cücərməsi fikrini verir. Gernika əsərindəki ümid simvolizmi sadəcə rəsmin çərçivələri ilə məhdudlaşmır, eyni zamanda insanlığın gücünü və dözümlülüyünü xatırladan təsirli bir mesaj verir.

Mənbə: RevArt.com
Tərcümə etdi: Arzu Qafarova
