Bu gün:

Niyə qısa onlayn videoları sürüşdürmək sizi daha darıxdırır?


Bir çoxumuz cansıxıcılığımızı aradan qaldırmaq üçün TikTok, YouTube və Instagram kimi platformalarda qısa videoları (və ya "şortlar") vərəqlədiyimiz anları yaşayırıq. Ancaq paradoksal olaraq, bunu nə qədər çox ediriksə, daha çox cansıxıcı olur.


Maraqlıdır ki, Amerika Psixoloji Dərnəyi tərəfindən nəşr olunan yeni araşdırma məhz bu təcrübəni təsdiqləyir. Göründüyü kimi, davamlı olaraq onlayn videolar arasında keçid etmək bizi daha çox sıxır və qəbul etdiyimiz məzmundan daha az məmnun oluruq.


Toronto Universitetinin tədqiqatçıları tərəfindən aparılan bu araşdırmada 1200-dən çox iştirakçı yeddi fərqli təcrübədə iştirak edib. İştirakçılara ya bir videonu əvvəldən sona qədər izləmək və ya bir neçə qısa video arasında keçid etmək imkanı verilib.


Maraqlıdır ki, tək bir videoya baxmağa davam edən iştirakçılar daha az cansıxıcı olduqlarını və təcrübənin daha məmnun və cəlbedici olduğunu bildiriblər. Əksinə, videolar arasında tez-tez keçid edənlər daha çox cansıxıcılıq hiss ediblər. 


Araşdırmanın aparıcı müəllifi Dr. Katy Tam izah edib ki, "rəqəmsal fade" olaraq adlandırılan videoları sürətli yönləndirmə və ya atlama hərəkəti məzmunu mənasızlaşdıra bilər. Baxdığımız məzmunla tam məşğul olmaq və ya onu anlamaq üçün özümüzə kifayət qədər vaxt vermədikdə, ondan həqiqətən həzz almaq fürsətini əldən veririk. Dr. Tam bunu kinoteatrda immersiv təcrübə üçün pul ödəməyə bənzədib. Tək bir videoya diqqət yetirmək, kinoda olduğu kimi izləyicilərə daha çox həzz verə bilər.

Tədqiqat getdikcə rəqəmsal həyatımızda cansıxıcılıqla necə mübarizə apardığımızla bağlı daha geniş bir problemə də işarə edir. Növbə gözləyərkən və ya ictimai nəqliyyatdan istifadə edərkən bir neçə boş dəqiqəniz olduqda telefonunuza yaxınlaşmaq olduqca yaygındır. Lakin əvvəlki tədqiqatlar göstərir ki, bu vərdiş əslində cansıxıcılıq hisslərini artıra və sosial qarşılıqlı əlaqədən aldığımız həzzi azalda bilər.


Bundan əlavə, xroniki sıxıntının depressiya və narahatlıq  əlamətləri və risk alma davranışları kimi müxtəlif psixi sağlamlıq nəticələri ilə əlaqəli olduğu aşkar edilib. Bu tədqiqat diqqətin qısalması və artan cansıxıcılıq arasındakı əlaqəni birbaşa araşdırmasa da, rəqəmsal vərdişlərimizin bu hisslərə necə kömək edə biləcəyi ilə bağlı mühüm suallar doğurur.


Qısacası, cansıxıcılığı aradan qaldırmaq üçün videoları sürətlə sürüşdürmək cazibədar olsa da, bu araşdırma tək bir videoya diqqət yetirməyin daha çox məmnun ola biləcəyini göstərir. Daha uzun məzmuna baxmaq əvvəlcə, bir az daha çox səy tələb etsə də, onun psixi sağlamlığınız və məzmundan ümumi həzz almağınız baxımından dəyərli "mükafat" təklif etdiyi göstərilib.


 Mənbə: Evrimağacı


Tərcümə etdi: Mina Yadigarlı


Paylaş
Şərh əlavə et