Bu gün:

“Oyun sənayesində uğur inadkarlıq və davamlı inkişafa bağlıdır”


Son illərdə oyun sənayesi qlobal texnologiya sektorunun ən sürətlə böyüyən sahələrindən birinə çevrilib. Azərbaycanda da bu sahəyə maraq artır, yeni oyun studiyaları yaranır, müstəqil inkişaf etdiricilər öz layihələrini reallaşdırmağa çalışırlar. Lakin oyun sənayesinin tam formalaşması üçün həm infrastruktur, həm də beynəlxalq əlaqələr baxımından görüləsi işlər çoxdur.

Məhz bu ehtiyacı qarşılamaq məqsədilə 2023-cü ildə “Gamesummit” təsis edildi. Azərbaycanın ilk oyun festivalı kimi “Gamesummit” təkcə oyun həvəskarlarını bir araya gətirmir, həm də yerli və beynəlxalq ekspertlərin iştirakı ilə sahənin inkişafına təkan verməyi hədəfləyir.

24Media.az-ın bugünkü müsahibi festivalın həmtəsisçisi Fərid Haqverdiyevdir. Söhbətimizdə “Gamesummit”-in yaranma hekayəsindən, onun oyun ekosistemimizə təsirindən və Azərbaycan oyun bazarının gələcəyindən danışdıq.

- “Gamesummit” ideyası necə yarandı? Təşkilatınızın Azərbaycan oyun və texnologiya sənayesinin inkişafındakı rolu necədir?

“Gamesummit” festivalının yaradılması ideyası uzun müddətdir mövcud idi. 2019-cu ildən etibarən Azərbaycanda oyun festivalı təşkil etməyə çalışmışıq, lakin müxtəlif çətinliklər səbəbindən bunu həyata keçirmək mümkün olmurdu. Yalnız 2023-cü ildə bu ideyanı reallaşdırmaq şansı əldə etdik və bu prosesdə bir çox şirkət, icma və oyun həvəskarlarını cəlb etməyə nail olduq.

“Gamesummit”-in əsas missiyası Azərbaycanın oyun sənayesinin mövcud potensialını nümayiş etdirmək və onun inkişafına töhfə verməkdir. Festival çərçivəsində oyun inkişafı müsabiqələri, e-idman yarışları təşkil edirik, həmçinin kospley və digər mədəni aspektlərə də xüsusi diqqət yetiririk.

-Siz gənc istedadları necə dəstəkləyirsiniz? “Gamesummit” yeni oyun inkişaf etdiriciləri və gənclər üçün hansı imkanlar təqdim edir?

Gənc istedadlara öz bacarıqlarını nümayiş etdirmək üçün platforma təqdim edirik. Bununla yanaşı, oyun inkişafı sahəsində təlimlər və seminarlar təşkil edirik. Universitetlərdə ustad dərsləri keçirməklə proqramlaşdırma, dizayn, planlaşdırma kimi sahələrdə biliklərin artırılmasına kömək edirik.

Eyni zamanda, perspektivli oyunçular və inkişaf etdiricilər üçün dəstək proqramlarımız mövcuddur. Məsələn, biz bir e-idman çempionunu ABŞ-da keçirilən turnirdə iştirak etməsi üçün göndərmişik. Bu kimi təşəbbüslərlə Azərbaycan oyun sənayesində istedadların üzə çıxmasına və inkişafına kömək edirik.

-Oyun sənayesində hansı əsas tendensiyaları müşahidə edirsiniz? “Gamesummit” bu dəyişikliklərə necə uyğunlaşır?

Mobil və kompüter oyunlarına maraq artmaqda davam edir və bazardakı tendensiyalar ildən-ilə dəyişir. Son dövrlərdə xüsusilə Web3 və blokçeyn əsaslı oyunların populyarlıq qazandığını görürük.

“Gamesummit” bu tendensiyalara uyğunlaşmaq üçün müxtəlif addımlar atır. Biz oyun sənayesindəki yeni texnologiyalar barədə seminarlar və müzakirələr təşkil edir, sahənin aparıcı ekspertlərini tədbirlərimizə dəvət edirik. Bununla yanaşı, inkişaf edən sahələrə diqqət ayıraraq oyun bazarının yeni istiqamətlərdə irəliləməsinə şərait yaradırıq.

-Azərbaycan oyun bazarının potensialını necə qiymətləndirirsiniz? “Gamesummit” bu sektoru inkişaf etdirmək üçün hansı addımları atır?

Azərbaycan oyun bazarı hazırda aktiv inkişaf mərhələsindədir. Oyun sahəsinə maraq sürətlə artır, yeni müstəqil studiyalar yaranır və istedadlı inkişaf etdiricilərin sayı çoxalır. Bununla belə, sənayenin tam formalaşması üçün daha çox investisiya və beynəlxalq əməkdaşlıq tələb olunur.

“Gamesummit” bu sahənin inkişafına dəstək vermək üçün müxtəlif təşəbbüslər həyata keçirir. Şəbəkələşmə imkanları yaradır, təhsil proqramları təşkil edir və yeni layihələrin nümayişi üçün platformalar təqdim edirik. Bundan əlavə, yerli inkişaf etdiricilərə həmfikirlər və potensial tərəfdaşlar tapmaqda kömək edirik.

-Beynəlxalq əməkdaşlıq və genişlənmə planlarınız nədir? Azərbaycanı dünya oyun bazarında daha rəqabətcil etmək üçün nə etmək lazımdır?

Biz beynəlxalq oyun şirkətləri ilə əməkdaşlıq qurmağa çalışırıq. Hal-hazırda müxtəlif oyun studiyaları və festivallarla tərəfdaşlıq barədə danışıqlar aparırıq.

Azərbaycanın dünya oyun bazarında daha rəqabətcil olması üçün ilk növbədə yerli oyun sənayesinin inkişaf etdirilməsi vacibdir. Beynəlxalq layihələr və startapların dəstəklənməsi, istedadlı inkişaf etdiricilər üçün münbit ekosistemin yaradılması əsas prioritetlərimizdən biridir. Bu sahədə davamlı inkişaf üçün dövlət və özəl sektor əməkdaşlığı da mühüm rol oynayır.

-Oyun sənayesində karyera qurmaq istəyən gənclərə hansı məsləhətləri verərdiniz?

Oyun sənayesində uğur qazanmaq istəyən gənclər bilməlidirlər ki, bu sahə peşəkarlıq və böyük zəhmət tələb edir. Bir çox oyun inkişaf etdiricisi illərlə, həftənin 7 günü çalışaraq istədikləri uğura nail olurlar.

Ən vacib məqamlardan biri yalnız çox çalışmaq deyil, həm də daim öyrənmək, sənayenin ən yaxşı mütəxəssislərindən ilham almaqdır. Tədbirlərdə iştirak etmək, fərdi layihələr yaratmaq və güclü portfel formalaşdırmaq oyun sahəsində uğurlu karyera qurmaq üçün vacib addımlardır. Davamlı inkişaf və yeniliklərə açıq olmaq isə bu sahədə irəliləməyin əsas açarıdır.


Fatimə Kərimli

Paylaş
Şərh əlavə et