Capri Holdings-in rəsmi açıqlamasına görə Donatella Versace kreyativ direktor vəzifəsindən ayrılaraq Versace-nin Baş Səfiri rolunu üzərinə götürür. Onun yerini MiU MiU-nun keçmiş dizayn və imic direktoru Dario Vitale tutacaq. Vitale 1 aprel 2025-ci ildən etibarən Versace-də işə başlayacaq.
“Versace-nin gələcək böyüməsinə və qlobal təsirinə öz baxışım, təcrübəm və fədakarlığımla töhfə verməkdən şərəf duyuram,” – deyə Dario Vitale bildirib.
Donatella Versace isə onun gəlişini belə şərh edib: “Dario Vitale-nin bizə qoşulmasına görə çox şadam və Versace-ni yeni gözlərlə görməkdən məmnunam.”
Donatella Versace qardaşı Gianni Versace-nin faciəvi ölümündən sonra 1997-ci ildə moda evinin idarəsini üzərinə götürdü. O vaxtdan bəri Donatella, Versace-ni təkcə yaşatmadı, həm də onu yenidən müəyyənləşdirdi, dəb dünyasında yeni istiqamətlər yaratdı və milyonlarla insana ilham verdi.
Tərznamə olaraq, Donatella Versace-nin moda dünyasına bəxş etdiyi ən ikonik dizaynları xatırlayırıq:
1. Bandaj don – 1993
Donatella Versace-nin ən güclü moda bəyanatlarından biri olan bu bandaj don, 1993-cü ildə ilk dəfə təqdim olundu. Qadın gücünü və orijinallığını vurğulayan bu dizayn, azad, özünə güvənən və hüquqlarını müdafiə edən bir qadının simvoluna çevrildi. Provokativ və cəsarətli mesajı ilə dövrünün ən yadda qalan libaslarından biri oldu.
2. “Tikişsiz” qara don – 1994
Bu ikonaya çevrilən qara donu aktrisa Elizabeth Hurley “Dörd Toy və Cənazə” filminin premyerasında geyinmişdi. Böyük qızıl sancaqlar sayəsində geyim, həm bədəni ifşa edir, həm də tamamlanmamış tikiş effekti yaradırdı. Bu obraz Elizabeth Hurley-ni bir anda məşhur etdi və Versace-nin moda dünyasında unudulmaz iz qoymasına səbəb oldu.
3. Metal effektli kolleksiya – 1999

Versace qadınlığın iddialı qəşəngliyi ilə futuristik metalları birləşdirərək yeni bir siluet yaratdı. Bu dizayn ilk dəfə 1999-cu ildə Naomi Campbell tərəfindən podiumda nümayiş olundu. Daha sonra 2021-ci ildə Dua Lipa və digər məşhur simalar tərəfindən təkrar şərh edildi.
4. Tropik naxışlar və mayami estetikası
Versace ekzotik bitkilər, dəniz ulduzları və qabıqlarla bəzədilmiş tropik naxışlara xüsusi sevgi bəsləyir. Moda evi klassik qaydaları pozaraq, iri çapları parlaq rənglərlə və kütləvi aksesuarlarla birləşdirir. Tropik izlər ilk dəfə 90-cı illərdə Gianni Versace kolleksiyalarında görünsə də, Donatella bu ideyanı 2000 və 2021-ci illərdəki şoularında yenidən canlandırdı.
Yeni dövrün başlanğıcı
Versace yeni bir eraya qədəm qoyur. Dario Vitale moda evinin gələcəyini formalaşdırmaq üçün böyük bir məsuliyyət daşıyır. Tərznamə olaraq, bu dəyişiklikləri diqqətlə izləyəcək və Versace-nin yeni istiqamətini sizinlə bölüşəcəyik!
Fatimə Umarbəy
