Bu gün:

Man UTD satışa çıxardığı avtomobilləri geri çağırıb


“Mançester Yunayted”in ortaq sahibi Ser Cim Ratkliffə məxsus avtomobil istehsalçısı “Ineos Automotive” ABŞ-dəki 7000-dən çox SUV-ni geri çağırıb.

Firma nadir hallarda Grenadier SUV qapılarının avtomobil idarə edilərkən açıldığını və bunun "sərnişinlərin xəsarət alma riskini artırdığını" bildirib.

Şirkət sözçüsü BBC-yə açıqlamasında "yağ kifayət qədər tətbiq olunmadığı üçün xarici qapının sərbəst buraxılması düyməsinin sıxılmış vəziyyətdə qala biləcəyini və bu problemin qapının təhlükəsiz bağlanmasına mane ola biləcəyini" deyib.

Problemi həll etmək üçün Ineos təsirlənmiş avtomobillərdəki bütün qapı düymələri birləşmələrini pulsuz əvəz edəcəyini açıqlayıb. Geri çağırılma 6 iyul 2023 – 19 aprel 2024 tarixləri arasında istehsal olunmuş Grenadier off-road avtomobillərinə aid olub.

ABŞ-nin Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) sənədinə əsasən, təsirlənmiş avtomobillərdəki qapı düyməsi mexanizmi kifayət qədər yağlanmamış halda yığılmış ola bilər.

“Bu, xarici qapı düymələrinin basılmış vəziyyətdə qalmasına və qapının tam kilidlənməsinin qarşısını almağa imkan verə bilər”, – sənəddə qeyd edilib.

Şirkət sözçüsü bildirib ki, təsirə məruz qalan bütün avtomobillərdə qapı kilidi mexanizmlərini mümkün qədər tez dəyişdirmək üçün kampaniya aparılır və bütün avtomobil sahibləri ilə birbaşa əlaqə saxlanılır.

Bu geri çağırılma avtomobil şirkətinin son problemlərindən biri olub. Keçən il hissələri tədarük edən şirkətlərdən biri müflis olduqdan sonra Ineos istehsalı müvəqqəti dayandırmalı olub.

2022-ci ildə satışa çıxarılan Grenadier Ineos Automotive-in istehsal etdiyi ilk avtomobil olub və ikonik Land Rover Defender-dən ilhamlanıb. Ser Cim avtomobil şirkətini yaratmaq qərarına Jaguar Land Rover-in Defender istehsalını dayandırmasından məyus olduğu üçün gəlib.

2020-ci ildə, 2016-cı il Brexit referendumu ərəfəsində, Ayrılmaq üçün kampaniya aparan sahibkar avtomobilin Fransada yığılacağını elan edərək onun Uelsdə istehsal olunacağı ilə bağlı ümidlərə son qoyub.

Şirkətin məlumatına görə, hazırda dünyanın 50 ölkəsində 20.000-ə yaxın Grenadier yollarda olub.

Böyük Britaniyanın Şirkətlər Evi reyestrinə təqdim edilən hesabatda Ineos Automotive-in 2023-cü ildə vergidən əvvəl 1,4 milyard avrodan (1,1 milyard funt sterlinq, 1,5 milyard dollar) çox zərər etdiyi bildirilib.

Böyük Britaniyanın ən varlı şəxslərindən biri olan Ser Cim “Mançester Yunayted”də 27,7% paya sahib olub.

Mənbə: BBC News

Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et