Koqnitiv dissonans – insanın inancları, dəyərləri və münasibətləri ilə davranışları arasında ziddiyyət yarandıqda meydana çıxan psixoloji bir fenomendir. Bu narahatlıq hissi adətən insanı daxili tarazlığı bərpa etmək üçün inanclarından və ya davranışlarından birini dəyişməyə sövq edir.

Gəlin bir nümunəyə baxaq:
Məsələn, bir müştəri sağlam olmaq istəyir, lakin həyat tərzini dəyişməkdən, məsələn, siqareti tərgitməkdən imtina edir. O, öz sağlam olmağa layiq olduğuna möhkəm inanır, eyni zamanda bu məqsədə uyğun gəlməyən vərdişlərini davam etdirir. İki fikir və ya hərəkət bir-biri ilə uyğun gəlmədikdə, buna dissonant əlaqə deyilir. Bu daxili gərginlik yalnız psixoloji narahatlıqla deyil, həm də əzələ ağrıları və xroniki gərginlik kimi fiziki simptomlarla da özünü göstərə bilər.
Bu dinamikanı anlamaq və tanımaq həm fərdin özü, həm də onlarla işləyən manual terapevtlər üçün olduqca vacibdir.
Koqnitiv dissonansı necə aradan qaldırmaq olar?
Koqnitiv dissonansı aradan qaldırmaq üçün proaktiv yanaşma vacibdir, xüsusilə də, terapiya çərçivəsində. İlk addım dissonansın fərqində olmaq və onun mənbələrini müəyyən etməkdir. Məsələn, iş yerində stressi azaltmaq istəyən, lakin iş vərdişlərini və ya şəraitini dəyişməkdən imtina edən bir insanı nümunə verək. Bu cür daxili ziddiyyət təkcə onun şəxsi inkişafına mane olmur, həm də bədəndə gərginlik şəklində özünü göstərə bilər.
Ziddiyyətli inancların əhəmiyyətini azaltmaq
Sağlamlığına önəm verən bir insan gün ərzində uzun müddət oturmanın ömrü qısaltdığını öyrəndikdə narahat ola bilər. Lakin bütün günü ofisdə işləyib çox vaxtını oturaq vəziyyətdə keçirdiyi üçün bu vərdişi dəyişdirmək çətin olur.
Bu narahatlıq hissi ilə mübarizə aparmaq üçün həmin şəxs ziddiyyətli düşüncəsini rasionalizasiya etməyə çalışa bilər. Məsələn, oturaq həyat tərzini "mən sağlam qidalanıram və ara-sıra idman edirəm, buna görə də bu, oturaq həyat tərzimi kompensasiya edir" kimi əsaslandıraraq davranışını haqlı çıxara bilər.
Koqnitiv dissonans bir çox dəyər mühakiməsində, qərar qəbul etmədə və qiymətləndirmədə rol oynayır. Ziddiyyətli inancların qərar qəbuletmə prosesinə necə təsir etdiyini anlamaq, daha sürətli və dəqiq seçimlər etmə bacarığını inkişaf etdirməyə kömək edə bilər. İnanclarınız və hərəkətləriniz arasındakı uyğunsuzluq narahatlıq hissinə səbəb ola bilər. Lakin belə hisslər bəzən dəyişikliyə və şəxsi inkişafa təkan verə bilər.
Mənbə: Verywell Mind
Tərcümə etdi: Arzu Qafarova
