"Mona Liza" Leonardo da Vinçinin ən mühüm şah əsərlərindən olan, sənət dünyasında ən çox tanınan və ən çox müzakirə edilən əsərlərdən biridir. 1503-1506-cı illər arasında tamamlandığı təxmin edilən bu rəsm hazırda Luvr Muzeyində sərgilənir və hər il milyonlarla ziyarətçi cəlb edir. Lakin "Mona Liza"nın sehri təkcə onun bədii dəyərində deyil, həm də onu əhatə edən sirlərdədir.
"Mona Liza"nın sirri: Niyə bu qədər populyardır?
Mona Lizanın populyarlığı illərdir həm sənət tarixçiləri, həm də sənətsevərlər arasında davamlı maraq mövzusudur. Rəsmi bu qədər xüsusi edən bir çox amillər var. Bunlardan birincisi "Mona Liza"nın sirli təbəssümüdür. Bəziləri onun xoşbəxt gülümsədiyini, bəziləri isə kədərli gülümsədiyini söyləyir. Ehtimal olunur ki, Leonardo da Vinçi bu ifadəni tərtib edərkən insan ruhunun dərinliklərinə çatmağa çalışıb.
Həmçinin, "Mona Liza"nın baxışları diqqəti çəkir. Rəsmə müxtəlif bucaqlardan baxarkən tamaşaçının gözü ilə daimi qarşılıqlı əlaqə hissi yaradır. Bu da Vinçinin perspektiv və işıqdan istifadə ustalığını nümayiş etdirir.
Leonardo da Vinçi və "Mona Liza"nın yaradılması:
İntibah dövrü rəssamı kimi Leonardo da Vinçi təkcə rəssam deyil, həm də mühəndis, alim və anatomist idi. Da Vinçi sənətinin dərinliyi və incəliyi "Mona Liza" tablosunda aydın görünür. Rəsmin fonunda olan mənzərə da Vinçinin təbiət haqqında dərin biliklərini əks etdirir. Bundan əlavə, "Mona Liza"nın üzündəki detallar və cizgilər da Vinçinin anatomiyaya olan marağını və insan üzünü nə qədər dəqiq təsvir etdiyini göstərir.
"Mona Liza"nın şəxsiyyəti: O kimdir?
Rəsmin ən böyük sirlərindən biri "Mona Liza"nın kimliyidir. Bəzi sənət tarixçiləri rəsmin Liza Gerardini adlı florensiyalı qadının portreti olduğunu bildirirlər. Lisa Gerardini tacir Francesco del Giocondonun həyat yoldaşıdır və rəsmin orijinal adı "La Gioconda" kimi tanınır. Ancaq bəzi nəzəriyyələr Mona Lizanın da Vinçinin özünün və ya başqa bir qadının portreti olduğunu irəli sürür. Bu sirr rəsmin populyarlığını artıran başqa bir elementdir.
"Mona Liza" 1911-ci ildə Luvr Muzeyindən oğurlandıqdan sonra bütün dünyada sensasiyaya çevrilib. 2 illik axtarışdan sonra rəsmin İtaliyada tapılaraq Fransaya qaytarıldığı açıqlanıb. Bu hadisə tablonu daha da məşhurlaşdırıb. Bu gün "Mona Liza" xüsusi şüşə qoruyucu qutuda nümayiş etdirilir və hər hansı zədədən kifayət qədər təhlükəsizdir.
"Mona Liza"nın mədəniyyətə təsiri:
İncəsənət dünyasına dərin təsir göstərmiş və populyar mədəniyyətdə saysız-hesabsız istinad edilib. Bir çox rəssamlar, yazıçılar və kinorejissorlar bu ikonik rəsmdən öz əsərlərində istifadə edərək onun sirli ab-havasını və dərinliyini öz yaradıcılıqlarında əks etdirirlər. Rəsmin simvolik təbəssümü saysız-hesabsız parodiyalara, illüstrasiyalara və müxtəlif sənət formalarına ilham verib.
"Mona Liza" təkcə rəsm deyil, həm də mədəniyyət simvoludur. Həm bədii dəyəri, həm də onu əhatə edən sirlər zamanla bu əsəri “dünyanın ən məşhur rəsm əsəri” edib. Leonardo da Vinçinin ustalığı və bu rəsmlə bağlı sirlər "Mona Liza"nı sənət tarixinin ən mühüm əsərlərindən birinə çevirməklə yanaşı, onu dünyanın maraq obyektinə çevirmişdir.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli