Bu gün:

Doggerland: Sular altında qalan quru sahəsi


9000 il əvvəl Britaniya, Avropa ilə birləşmişdi və bu quru sahəsi elm adamları tərəfindən Doggerland adlandırılır. Bu geniş ərazi sıx meşələrlə, bataqlıqlarla, çaylarla və təpələrlə dolu idi. Doggerland, böyük ov potensialına görə qədim insanlar üçün ideal yaşayış məkanı olmuşdu. O dövrün ovçu-toplayıcı icmaları burada maral, mamont və digər heyvanları ovlayır, balıqçılıq və bitki yığımı ilə məşğul olurdular. Lakin Buz Dövrü sona çatdıqca, qlobal istiləşmə başladı. Əriyən buzlaqlar səbəbindən dəniz səviyyəsi tədricən yüksəldi. Doggerland, tədricən daralan bir torpaq zolağına çevrildi və nəhayət, tamamilə su altında qaldı. Bu proses nəticəsində Britaniya materikdən ayrılaraq ada halına gəldi.

Doggerland'ın ən son quru hissəsi isə Dogger Bank adlanan kiçik bir ada idi. Zamanla bu ada da suyun altında qaldı, lakin dərinliyi nisbətən az olduğu üçün bu gün də dənizin 15-30 metr dərinliyində mövcuddur. Bu ərazi, zəngin balıq ehtiyatlarına görə xüsusilə balıqçılar üçün önəmli bir məkana çevrilib.

Doggerland arxeoloqlar və tədqiqatçılar üçün böyük maraq doğurur, çünki burada qədim insanların yaşayışına dair izlər aşkar edilib. Dənizin dibindən tapılan daş alətlər, sümük qalıqları və hətta insan izləri, bu ərazinin bir zamanlar necə canlı bir yer olduğunu göstərir. Bu itmiş torpaq, Britaniyanın geoloji və tarixi inkişafında mühüm rol oynayıb.

Mənbə: Another History

Tərcümə etdi: Səid Quliyev 




Paylaş
Şərh əlavə et