Kino sənayesinin ən görkəmli simalarından biri olan Walt Disney, indiyə qədər ən çox Oskar qazanan şəxs olaraq tarixə düşüb. O, ümumilikdə 26 Akademiya Mükafatına (Oskar) sahibdir və bu rekord hələ də heç bir fərdi şəxs tərəfindən qırılmayıb.

Walt Disney ilk Oskar mükafatını 1932-ci ildə “Flowers and Trees” adlı cizgi filmi ilə qazanıb. Bu film ən yaxşı qısametrajlı animasiya kateqoriyasında qalib gəlib. Onun yenilikçi yanaşması və animasiya sənayesinə gətirdiyi inqilabi dəyişikliklər ona illər ərzində ardıcıl uğurlar gətirib.
Disney, Oskar tarixində unikal bir hadisəyə də imza atıb. O, 1939-cu ildə “Snou Uayt və Yeddi Cırtdan” (Snow White and the Seven Dwarfs) filmi üçün bir böyük və yeddi kiçik heykəlcikdən ibarət xüsusi bir Oskar mükafatı alıb. Bu, Akademiyanın onun animasiya sənətinə verdiyi böyük dəyəri göstərən ən nadir hallardan biri olub.
Disneyin uğurları yalnız animasiya ilə məhdudlaşmayıb. O, ən yaxşı sənədli film və ən yaxşı qısametrajlı sənədli film kateqoriyalarında da qaliblər sırasında yer alıb.
Oskar tarixinin ən parlaq simalarından biri olan Walt Disney, yenilikçi ruhu və yaradıcı ideyaları ilə bu gün də kino dünyasına ilham verməyə davam edir.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
