Bu gün:

Qlobal miqyasda ağıllı saat satışlarında ilk dəfə geriləmə


Qlobal ağıllı saat satışları, ilk dəfə olaraq, azalıb. Counterpoint bazar araşdırma şirkətinin hesabatına görə, 2024-cü ildə satışlar əvvəlki illə müqayisədə 7% düşüb. Apple Watch modellərinin tədarükü isə 19% azalıb. Analitiklər bunu Apple-ın yeni cihazlarında nəzərəçarpacaq yeniliklər etməməsi və gözlənilən Ultra 3 modelinin bazara çıxmaması ilə izah edirlər.

Bundan əlavə, Apple ABŞ-da qanuni mübahisələr səbəbindən 2023-cü ilin sonu və 2024-cü ilin əvvəllərində satış və idxal qadağaları ilə üzləşib ki, bu da satışların azalmasına təsir edib. Şirkətin bazar payı 2024-cü ilin son üç ayında 22%-ə düşüb.

Ümumilikdə, bazarda geriləmə olsa da, Çin brendləri – xüsusilə Xiaomi, Huawei və Imoo – satışlarını artırıb. Çinin ağıllı saat bazarındakı payı 2023-cü ilin son rübündə 19%-dən 25%-ə yüksəlib və bu, ilk dəfə olaraq Hindistan və Şimali Amerikanı geridə qoyub. Çin markaları xüsusilə uşaq ağıllı saatlarına artan tələbdən faydalanıb.

Hindistan bazarında isə durğunluq müşahidə olunub və bazar payı 30%-dən 23%-ə enib. Analitiklər bunu ultra-ucuz ağıllı saatların keyfiyyət problemləri ilə izah edirlər.

Counterpoint 2025-ci ildə bazarda cüzi artım gözləyir. Süni intellekt funksiyalarının genişlənməsi və sağlamlıq göstəricilərinə artan diqqət satışları artıran əsas amillər olacaq.

Mənbə: BBC News

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et