Saxta xəbərlər, dərin saxta texnologiyalar, şəxsiyyət oğurluğu hər yerdədir. Süni intellektin artırdığı bu rəqəmsal yalanlar dünyasında aldanışların kiberdövrün bir yeniliyi olduğunu düşünmək asandır. Lakin son hadisələr Romada aşağı texnologiyalı bir sənət saxtakarının emalatxanasının aşkar edilməsi və Londonun milli qalereyasında nümayiş olunan "barokko" dövrünə aid bir şahəsərin əslində saxta olması ilə bağlı qalmaqallı iddia sənət dünyasında saxtakarlığın uzun və maraqlı bir tarixə malik olduğunu göstərir. Bu tarix sadəcə rəqəmsal kodlardan deyil, qeyri-mümkün piqmentlərdən, bacarıqsız fırça zərbələrindən və şübhəli imzalardan ibarətdir.
19 fevralda İtaliyanın mədəni irsin qorunması üzrə Karabinieri komandanlığı Romada gizli bir sənət saxtakarlığı emalatxanasını aşkar edib. Hakimiyyət orqanları Rembrandt, Pissarro, Dora Maar və Picasso da daxil olmaqla, tanınan rəssamlara aid olduğu iddia edilən 70-dən çox saxta sənət əsərini və köhnə kətanları, saxta sənətçi imzalarını və artıq fəaliyyət göstərməyən qalereyaların möhürlərini təqlid etmək üçün istifadə olunan materialları ələ keçirib. Hələ saxlanılmayan şübhəlinin saxta əsərləri "Catawiki" və "eBay" kimi onlayn platformalarda saxta orijinallıq sertifikatları ilə satdığı güman edilir. Bu xəbərdən qısa müddət sonra yeni bir kitabın reklamı yayılıb. Kitabda London milli qalereyasında nümayiş olunan məşhur bir əsərin saxta olduğu iddia edilir. Sənətçi və tarixçi Eufrosini Doksiyadis tərəfindən yazılan “NG6461: The Fake National Gallery Rubens” adlı kitabda Samson və Dalila tablosunun 1609-10-cu illərdə çəkilmədiyi, əslində üç əsr daha gənc olduğu və Rubensin fırça izlərinə qətiyyən uyğun gəlmədiyi irəli sürülür.
Bu nəticə 2021-ci ildə İsveçrənin "Art recognition' şirkətinin süni intellekt vasitəsilə apardığı araşdırma ilə uyğun gəlir. Süni intellektin təhlilinə görə, Samson və Dalila tablosunun Rubens tərəfindən çəkilmə ehtimalı cəmi 9% təşkil edir. Doksiyadis bu tablodakı fırça texnikasının Rubensin axıcı üslubuna zidd olduğunu iddia etsə də, milli qalereya bu iddiaları rədd edərək tablonun əsl Rubens şahəsəri olduğunu bildirir.
Saxta şahəsəri tanımaq üçün beş qayda
1. Materialları yoxla – Saxtakarlar orijinal dövrün texnologiyasını və piqmentlərini bilməlidir. Səhv piqment seçimi saxtakarlığı üzə çıxara bilər.
2. Keçmişini araşdır – Əsərin tarixi yoxdursa, bu, onun saxta olma ehtimalını artırır. Keçmişdə bəzi saxtakarlar itən şahəsərlər adı altında saxta tablolar satıblar.
3. Fırça texnikasına bax – Hər rəssamın özünəməxsus fırça izi var. Saxta əsərlərdə bu izlər qeyri-ardıcıl olur.
4. Daxili qatları araşdır – Bəzən bir tablonun alt qatında orijinal rəssama aid başqa bir rəsmin olması onun həqiqiliyini sübut edə bilər.
5. Kiçik detalları yoxla – İmza səhvləri və yazıdakı kiçik yanlışlıqlar bir əsərin saxta olduğunu göstərə bilər.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
