Bu gün:

Eyüpsporda Robin Yalçının motivasiya çıxışı


Eyüpsporun təcrübəli müdafiəçisi Robin Yalçının Konyaspor oyunu öncəsi komanda yoldaşlarına etdiyi motivasiya çıxışı sosial mediada böyük marağa səbəb olub. Eyüpspor klubunun paylaşdığı görüntülər minlərlə bəyənmə və şərh alıb.


Klubun rəsmi açıqlamasında bildirilib ki, Robin Yalçının paltardəyişmə otağında etdiyi çıxışın görüntüləri Konyaspor matçından öncə qeydə alınıb və ictimaiyyətlə bölüşülüb.

Mövsümün diqqətçəkən komandalarından biri olan Eyüpspor bu həftə öz meydanında Konyasporu 2-1 hesabı ilə məğlub edib. Matçdan öncə Robin Yalçının söylədiyi motivasiya sözləri komanda ruhunu yüksəldib.

Təcrübəli futbolçu çıxışında aşağıdakı ifadələri işlədib:

"Hamı sağlamdır, hamı sizə kömək edir. Ona görə bəzi şeylərin dəyərini bilə bilmirsiniz. Polat, İsmayıl, Uğur qardaşınız hər şeyi hazırlayır. Təmizlikçi xanımlar sizin rahat yatmağınız üçün çalışırlar. Şaban qardaşınız yeməkləri hazırlayır. Fizioterapevtlər öz işlərini görürlər".

Davamında isə komanda ruhunu vurğulayan Yalçın futbolçulara belə səslənib:

"Beşiktaş, Qaziantep matçlarında olduğu kimi. Biz elə bir komanda deyilik, elə deyilmi? Meşənin kralı kimdir? Şir. Ən böyük odurmu? Xeyr, fil daha böyükdür. Ən sürətlisi odurmu? Xeyr, çita daha sürətlidir. Bəs niyə kral məhz odur? Onun mentalitetinə görə! Mən bu gün burada şirlər görmək istəyirəm. Haydi, bu gün ova çıxaq!"

Eyüpsporun sosial media hesablarında yayımlanan bu görüntülər futbolsevərlərin marağına səbəb olub və geniş müzakirələrə yol açıb.

Mənbə: NTV spor 

Tərcümə etdi: Nərgiz Orucova

Paylaş
Şərh əlavə et