Bu dəfə "İncəsənətin inciləri" rubrikası sürrealizm dünyasının sehrli sənətkarı Remedios Varonun ecazkar əsərlərindən biri olan "La Llamada" (Çağırış) tablosunu təqdim edir.

Remedios Varo (1908–1963) ispan-meksikalı sürrealist rəssamdır. O, sənətində mistika, elm, fəlsəfə və qadın dünyasını birləşdirərək unikal üslub yaradıb. Onun əsərləri adətən sirli fiqurlar, qeyri-adi məkanlar və dərin simvolizmlə doludur.
Bu əsər ilk baxışdan tamaşaçını sehrləyən, sanki başqa bir aləmə aparan görüntüyə malikdir. Tabloya diqqətlə baxdıqda, mərkəzdə qırmızı libaslı bir qadın görürük. O, dərin baxışlarla tamaşaçıya yönəlib, sanki onu öz sirli dünyasına çağırır.
Rəssam burada çağırış anlayışını mistik mənada təqdim edir. Qadının arxasında uca divarlar və uzun, dar dəhlizlər uzanır. Bu, insanın daxili dünyasına, özünü dərk etməyə aparan yol kimi yozula bilər. Eyni zamanda, bu, labirintvari məkan cəmiyyətin insan üzərində yaratdığı maneələri və qadağaları da simvolizə edir.
Əsərdə işıq və kölgə oyunları xüsusi məna daşıyır. Qadının libasının parlaq qırmızı olması onun enerjisini, daxili gücünü və azadlığa can atmasını vurğulayır. Lakin fonun tünd çalarlara bürünməsi bu azadlığa gedən yolun çətin və müəmmalı olduğunu göstərir.
Tablonun ən maraqlı detallardan biri qadının əlində tutduğu qeyri-adi işıq mənbəyidir. Bu, insanın daxili aydınlanmasını, öz yolunu tapmasını simvolizə edir. Varo burada bizə ruhun çağırışını eşitməyə, öz daxili səsimizə qulaq asmağa çağırır.
"La Llamada" insanın daxili səyahətini, həyat yolunu və öz həqiqətini tapmaq axtarışını ifadə edən güclü bir metaforadır. Remedios Varo sənəti ilə bizi yalnız gözlərimizlə deyil, ruhumuzla da görməyə və hiss etməyə dəvət edir.
Hazırladı: Talehə Hüseynzadə
