13 mart 1943-cü ildə nasistlər Krakov yəhudi gettosunun son “likvidasiyasını” həyata keçiriblər. Bu hadisələr Tomas Keneallinin “Şindlerin Gəmisi” adlı romanında və Stiven Spilberqin “Şindlerin Siyahısı” filmində təsvir olunub.
Oskar Şindler ilk dəfə 1964-cü ildə BBC-də gündəmə gəlib. Jurnalist Maqnus Maqnusson onun haqqında danışaraq bildirib ki, hazırda Şindler Almaniyada yaşayır, işsizdir və kasıbdır. O, xilas etdiyi 1,300 yəhudinin verdiyi ianələrlə dolanır. Şindlerin hekayəsi əvvəlcə 1960-cı illərdə bir filmə çevrilməyə çalışılıb, lakin bu, baş tutmayıb. 1980-ci ildə Holokostdan sağ çıxan Poldek Pfefferberq təsadüfən Avstraliyalı yazıçı Tomas Kenealli ilə tanış olub və ona Şindlerin sənədlərini təqdim edib. Bu görüş nəticəsində Kenealli “Şindlerin Gəmisi” adlı kitabını yazıb.
Oportunistdən xilaskara çevrilmə
Pfefferberq Krakovda yəhudi bir ailədə doğulub. 1939-cu ildə Almaniya Polşanı işğal edəndə o, Polşa ordusunda döyüşüb yaralanıb. Müharibə zamanı Krakov gettosuna həbs olunub və Şindlerin fabrikində işləməyə başlayıb.
Mart 1943-cü ildə nasistlər Krakov gettosunun son məhvetmə əməliyyatını həyata keçiriblər. Minlərlə insan ya küçələrdə öldürülüb, ya da Auschwitz ölüm düşərgəsinə göndərilib. Bu hadisələrdən təsirlənən Şindler işçilərini xilas etmək üçün nasist məmurlarını rüşvət, yalan və korrupsiya ilə manipulyasiya edib. O, işçilərinin alman müharibə sənayesi üçün vacib olduğunu iddia edərək onları qoruyub. Müharibədən sonra Şindler müflis olub və içkiyə qurşanıb. Onu xilas etdiyi yəhudilər maliyyə dəstəyi ilə yaşadıblar. 1974-cü ildə vəfat edən Şindler İsraildə dəfn edilib.
Kitab və film
Spilberq 1994-cü ildə Şindlerin Siyahısı filminə görə “Ən Yaxşı Rejissor” Oskar mükafatını qazandıqda o, Pfefferberqə təşəkkür edərək deyib: “Biz hamımız ona borcluyuq. O, Şindlerin hekayəsini bizə çatdırıb”.
Keneallinin “Şindlerin Gəmisi” romanı 1982-ci ildə Böyük Britaniyanın nüfuzlu Buker mükafatını qazanıb. Kitabın sənədli və ya bədii ədəbiyyat olduğu müzakirə mövzusu olub, lakin bu mübahisələr onun daha çox tanınmasına kömək edib.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
