İdman həmişə insanların maraq dairəsində olub. Fiziki güc, iradə və ruhun möhkəmliyi ilə seçilən idman növləri insanları cəlb edən əsas amillərdəndir. Azərbaycan cüdosu da bu sahədə böyük uğurlara imza ataraq, beynəlxalq arenada öz sözünü deyib.
Son illərdə qadın idmançılarımız da cüdoda yüksək nailiyyətlər qazanaraq ölkəmizi layiqincə təmsil edirlər. Onlardan biri də Aişə Qurbanlıdır. O, peşəkar idman karyerası ərzində qazandığı uğurlarla yanaşı, bu idman növünə olan sevgisi və əzmkarlığı ilə də seçilir.
24Media.az-ın bugünkü müsahibi Aişə Qurbanlıdır. O, saytımıza cüdoya olan sevgisinin haradan qaynaqlandığı, beynəlxalq arenalarda keçirdiyi hisslər və qadınların idmandakı rolu barədə fikirlərini bölüşüb.
-Cüdoya olan sevginiz necə yarandı? Bu idmanı seçməyinizdə ən böyük təsir kimdən və ya nədən gəldi?
Cüdoya olan sevgim idmana başladığım ilk gündən yarandı, amma böyük arenalarda ölkəmi təmsil etməyə başlayanda bu sevgi daha da artdı. Bu idman növü mənə yalnız fiziki güc deyil, həm də məsuliyyət və səbir öyrətdi. Hər bir idmançının arxasında ona motivasiya verən biri var. Mənim üçün bu, həyatımda dəyərli bir insandır – onun dəstəyi və inamı sayəsində daha məsuliyyətli olmağı öyrəndim.
-Ailənizin və dostlarınızın karyeranızdakı rolu və dəstəyi haqqında nə deyə bilərsiniz?
Ailəm mənim ən böyük dayağım olub. Onların mənə verdiyi dəstək sayəsində bu yolda əzmlə irəliləyə bilmişəm. Valideynlərimin və dostlarımın daim yanımda olması, motivasiya verməsi mənim üçün çox önəmli idi. İdmançının uğur qazanmasında təkcə öz zəhməti deyil, ətrafındakı insanların da rolu böyükdür.
-İlk dəfə beynəlxalq arenada Azərbaycanı təmsil edəndə hansı hissləri keçirdiniz?
İlk dəfə beynəlxalq yarışda Azərbaycanı təmsil edəndə keçirdiyim hisslər sözlə ifadə olunmaz. Bu, böyük bir qürur və məsuliyyət hissi idi. Bir Azərbaycan xanımı olaraq ölkəmi təmsil etmək və bayrağımızı yüksəltmək mənim üçün ən gözəl hisslərdən biridir. Hər dəfə tatami üzərinə çıxanda təkcə özüm üçün deyil, ölkəm üçün də mübarizə apardığımı hiss edirəm.
-İdmanda qadınların rolu barədə cəmiyyətdə mövcud olan stereotiplər haqda nə düşünürsünüz? Onları qırmaq üçün nələr etmək lazımdır?
Əvvəllər cəmiyyətdə qadın idmançılara qarşı müəyyən stereotiplər vardı. Lakin zamanla bu düşüncələr dəyişdi. İndi valideynlər qızlarını idmana yönləndirməyə daha çox maraq göstərirlər və onların uğurları ilə qürur duyurlar. Bu, bizim üçün sevindirici haldır. Stereotipləri qırmaq üçün uğurlarımızla, özümüzü təsdiq etməklə və cəmiyyətdə daha fəal olmaqla nümunə göstərməliyik. İdmanda qadınların da kişilər qədər uğurlu ola biləcəyini sübut etmək üçün hər bir qadın idmançı öz yolunda əzmlə irəliləməlidir.
-Karyeranızın sonunda necə xatırlanmaq istəyirsiniz? Hansı iz buraxmaq əsas hədəfinizdir?
Düşünürəm ki, artıq öz izimi buraxmışam. Düzdür, arzuladığım hər şeyi tam olaraq əldə edə bilmədim, amma Olimpiadada Azərbaycanı təmsil edən qadın idmançılar arasında olmaq mənim üçün böyük qürurdur. Ümid edirəm ki, gələcəkdə xanımlarımız Olimpiadada medal qazanacaq və mən də onların uğurlarına şahidlik edəcəyəm.
İdmanda uğur qazanmaq asan deyil, xüsusilə də qadın idmançılar üçün. Ancaq güclü iradə, dəstək və əzmkarlıqla hər bir maneəni aşmaq mümkündür. Azərbaycan cüdosunun parlaq simalarından biri kimi, o, yalnız ölkəmizi beynəlxalq arenada təmsil etməklə kifayətlənməyib, eyni zamanda gənc idmançılar üçün nümunə olmağı bacarıb.
Sona Osmanova