Qədim Misirin yeraltı dünya xəritəsi indiyə qədər tapılmış ən qədim şəkilli kitabdır.

Kitabda mərhumun yeraltı dünyasına səyahətində şər ruhları və cinləri dəf edə bilməsi üçün sehrlər var idi. Misirin sirlərini çox az bilənlər belə məşhur "Ölülər" kitabı haqqında eşidib. İndi isə tədqiqatçılar oxşar, lakin daha qədim mətn tapıblar ki, bu, indiyə qədər aşkar edilmiş ən qədim illüstrasiyalı kitab ola bilər.
The New York Times-a görə, misirşünaslar Rostauya – Misirin ölüm tanrısı Osirisin idarə etdiyi yeraltı dünyasına çatmaq üçün bələdçi kimi xidmət edən təsvirli "kitabın" hissələrini aşkar ediblər.
"Misir Arxeologiyası" jurnalında dərc olunan inanılmaz kəşf Misirin Orta Krallıq dövründə hökmranlıq edən bölgə qubernatorlarının qayalıq nekropolunda – Dayr əl-Barşa kəndində yerləşən nəfis şəkildə bəzədilmiş məzarlardan birində edilib.
2012-ci ildə Belçikanın Leuven Universitetindən arxeoloq Harko Villemsin rəhbərliyi altında tədqiqatçılar qrupu Ahanaxt qəbir kompleksindəki beş dəfn şaxtasından birini araşdırıb. İyirmi fut dərinlikdə, əvvəllər qəbir quldurlarının və digər arxeoloqların olmasına baxmayaraq, tamamilə zədələnməmiş sarkofaq qalıqları tapılıb.
Qalıqlara və sarkofaq quruluşuna görə, onun elit bir dövlət məmuru ilə qohum olan Ankh adlı qadına məxsus olduğu müəyyən edilib. Sidr tabutu göbələklər tərəfindən aşınıb, lakin yaxından yoxlanıldıqda gözlənilməz bir şey aşkar edilib. Sarkofaqın içində Ankhın axirətə səyahətini təsvir edən heroqliflər və illüstrasiyalar olub. Onlar açıq şəkildə İki Yol Kitabı'ndan sitat gətirən oymalardır.
"Bu tabut mətnləri mərhumu tanrılar dünyasında yerləşdirməyə meyillidir", – Villems deyib. “Bəzən onlar rəsmlərlə birləşir. Dayr əl-Barşada insan tez-tez İki Yolun Kitabı ilə qarşılaşır."
Berkli Kaliforniya Universitetinin misirşünas kuratoru Rita Lukarelli isə bildirib: “Qədim misirlilər həyatın bütün formalarına bağlı idilər. Ölüm onlar üçün yeni bir həyat idi".
Bu kəşf bir daha sübut edib ki, qədim Misirin mürəkkəb ölüm adətlərində ölülərə bu tabut mətnləri təqdim olunurdu ki, yeraltı dünyaya səyahət edə bilsinlər. Maraqlıdır ki, hər bir insanın statusuna və sərvətinə görə fərdiləşdirilmiş mətnin öz versiyası olurdu.
Ankhın bələdçi mətnləri ona səyahəti zamanı qarşılaşdığı cinləri dəf etməyə kömək edəcək sehrlər ehtiva edib. Rostauya çatmaq üçün o, od, cinlər və ruhların maneələri ilə üzləşməli olub.
"Bu, atəş halqası kimi müəyyən edilmiş qırmızı xəttlə əhatələnmiş mətnlə başlayır" – Villems deyib. "Mətn günəş tanrısının Osirisə çatmaq üçün bu qoruyucu alovlu halqanın yanından keçməsindən bəhs edir".
Tədqiqatçılar Ankhın sarkofaq mətnlərinin yaşını təxmin etmək üçün Firon II Mentuhotepin hakimiyyətinə aid yazılar və yaxınlıqda tapılan digər qalıqlardan istifadə ediblər.
Bundan əlavə, komanda dəfn şaxtasında "İki Yol Kitabı" xəritələrinin iki onlarla mövcud mətnini tapıb. Əksər oymalar ayırd etmək çətin olub, lakin alimlər inanırlar ki, təsvirlər Misir mədəniyyətində yenidən doğulmağı simvolizə edən ölmüş tanrıları və ya insanları həyata qaytarmaq üçün ritualları əks etdirir.
Ola bilsin ki, əlavə tədqiqatlar bu maraqlı tapıntının sirlərini açmağa kömək edəcək.
Mənbə: Allthatsinteresting
Tərcümə etdi: Səidə Abasova
