Bu gün:

"Leierkastenmann"- Felix Nussbaum


"İncəsənətin inciləri" rubrikası bu dəfə Felix Nussbaumun məşhur "Leierkastenmann" (Orqançalan kişi) əsərini təqdim edir.

Felix Nussbaum 1904-cü ildə Almaniyada dünyaya gəlib və əsasən ekspressionizm və yeni obyektivlik (Neue Sachlichkeit) üslubunda əsərlər yaradıb. O, yəhudi mənşəli olduğu üçün II Dünya Müharibəsi illərində nasistlərin təqiblərinə məruz qalıb, nəticədə, 1944-cü ildə Auschwitz ölüm düşərgəsində faciəvi şəkildə həyatını itirib. Onun əsərləri təkcə sənət deyil, həm də tarix qarşısında bir şahid, insan faciələrinin izidir.

Bu əsər 1931-ci ildə çəkilib və görünən səthinin altında dərin bir məna daşıyır. Əsərin mərkəzində kədərli, həyatın ağırlığını çiyinlərində daşıyan bir kişi təsvir olunub. O, köhnə bir küçə orqanını çalır, yanında isə məsum baxışları ilə bir uşaq dayanıb. Orqançalan kişinin baxışlarında yorğunluq və qüssə var, sanki o, həyatdan ümidini üzüb, lakin yoluna davam etmək məcburiyyətindədir.

Orqanı bəzəyən rəsmlər və borular bu insanın sənətlə bağlılığına işarə edir. Sağ tərəfdə yarıçılpaq bir qadın və bağlı əlləri ilə təsvir olunan bir kişi var. Bu detallarla Nussbaum sanki cəmiyyətin soyuq münasibətini, insanın sıxışdırılan arzularını və reallıqlarını ifadə edir.

Arxa planda isə xaos hökm sürür, qara geyimli fiqurlar əlində günəbaxan tutaraq qeyri-adi bir yürüş edir. Günəbaxan, ümumiyyətlə, həyat və işıq rəmzidir, lakin buradakı fiqurlar narahatlıq doğurur. Bəlkə də bu, faşizmin yüksəlişinin metaforik təsviridir? Yaxud cəmiyyətin dəyişikliyə necə reaksiya verdiyini göstərən bir səhnədir?

"Leierkastenmann" sadəcə bir küçə musiqiçisini təsvir etmir, o, dövrünün çarəsiz insanlarının simvoludur. Nussbaum burada insan taleyinin qeyri-müəyyənliyini, sənətçinin toplum tərəfindən görməzdən gəlinməsini və dövrün siyasi təlatümlərinin fərdlərə necə təsir etdiyini göstərir. Bu əsər 1930-cu illərin Avropasında yaxınlaşan fəlakətə bir işarə kimi oxuna bilər.

Felix Nussbaumun həyat hekayəsi kimi onun bu əsəri də bizi düşünməyə vadar edir: Bizi irəli aparan nədir? Qorxu, yoxsa ümid? Sənət bizi xilas edə bilər mi, yoxsa biz sənətin özünü qoruya bilirik mi?

Hazırladı: Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et