Bu gün:

Tam ştatlı qara dərili Elphaba


Lencia Kebede “Wicked” tamaşasında ilk tam ştatlı qara dərili Elphaba kimi Broadway tarixində bir ilkə imza atıb.

Əslən Efiopiyadan olan birinci nəsil amerikalı Kebede Los-Ancelesdə böyüyüb və beş il boyunca “Hamilton” turunda çıxış edib. O burada Angelica Schuyler rolunu ifa edib. “Wicked” tamaşasında səhnəyə çıxması isə onun Broadway debütü olub.

"Defying Gravity" mahnısını oxuyarkən duyğularını saxlaya bilməyib: “Öz gücümü – səsimin, emosiyalarımın və Afrikalı əcdadlarımın gücünü hiss edirdim”, – deyə bildirib. Tamaşada 60-a yaxın ailə üzvü və dostu onu izləyib. “Mənə sevgi və dəstək verən hər kəs o anda yanımda idi,” deyən Kebede bu rolu onlarsız ifa edə bilməyəcəyini vurğulayıb.

"Wicked" 2003-cü ildən bəri Broadway-in ən uğurlu müzikllərindən biridir və bu yaxınlarda bir həftə ərzində 5 milyon dollar gəlir əldə edərək rekord qırıb.

Kebede Elphaba rolunu ifa edən ilk qara dərili aktrisa olmasa da, Broadway-də tam ştatlı ilk ifaçıdır. Ondan əvvəl Saycon Sengbloh, Lilli Cooper, Brandi Chavonne Massey (Broadway əvəzediciləri) və Alexia Khadime (West End-in tam ştatlı Elphabası) bu rolda çıxış ediblər.

Diplomatiya və siyasət üzrə təhsil alan Kebede əvvəlcə hüquq və ictimai siyasət sahəsində karyera qurmağı planlaşdırsa da, teatra olan marağı onu səhnəyə yönəldib. O, “Memphis”, “Rent” və “Hamilton” tamaşalarında iştirak edib, hətta Beyonce-nin Coachella məşqlərində vokalçı olub.

“Tur həyatının çətinliyi məni bu rola hazırladı”, – deyə Kebede bildirib. Debüt gecəsindən sonra tamamilə tükəndiyini etiraf edib: “Evə gəlib sakit caz musiqisi dinlədim və çay içdim. Özümü tamamilə "söndürməli" oldum”. Ancaq ertəsi axşam yenidən səhnəyə çıxıb.

Mənbə: NBC News

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et