Hindistanda evliliklərin çoxu ailələr tərəfindən təşkil olunur. Bəzən bu proses qadın və ailəsi üçün çox çətin olur. “Sthal: A Match” adlı Marathi dilində çəkilən film məhz bu mövzudan bəhs edir. 2023-cü ildə çəkilən bu film Hindistanda və başqa ölkələrdə bir çox mükafatlar qazanıb.
Maharashtra ştatının kənd bölgəsində baş verən hadisələri əks etdirən film təhsil almağa və karyera qurmağa çalışan gənc bir qadın olan Savita və onun kasıb pambıq fermeri olan atası Daulatrao Vandharenin qızına yaxşı bir bəy tapmaq üçün göstərdiyi səylər ətrafında cərəyan edir. “O, yaxşı məhsul qiyməti və yaxşı bir kürəkən axtarır”, – deyə rejissor Cayant Digambar Somalkar bildirir.
Bu film baş rolun “çox alçaldıcı” adlandırdığı təcrübəni çəkinmədən göstərməsi ilə seçilir. Filmə çəkilən bütün aktyorlar çəkilişlərin aparıldığı kənddən seçilib və onların hamısı ilk dəfə kinoya çəkilib. Savita obrazını canlandıran Nandini Çikte bu rolu ilə iki mükafat qazanıb.
Savitanın evlilik prosesi
Film Savitanın gələcək bəy namizədi ilə müsahibə apardığı bir səhnə ilə açılır. Qadın qohumları və dostları ilə birlikdə onlara içki təqdim edən və suallar qarşısında həyəcanlanan gənc oğlana baxırlar. Amma bu sadəcə bir yuxu olur. Oyanan kimi Savita ailəsi tərəfindən tələsik hazırlanır, çünki onu görməyə bir qrup kişi gəlir.
Reallıqda isə gender rolları tam əksinədir. Təxminən iki saat davam edən filmdə bu alçaldıcı səhnə bir neçə dəfə təkrar olunur.
Gələcək bəy və onun kişi qohumları Savitanın atası və digər kişilər tərəfindən qarşılansa da, Savita ancaq sonradan çağırılır. Sarı geyinib, gözləri yerə dikili halda oturub və suallara cavab verməyə başlayır.
Bundan sonra kişilər çölə çıxıb müzakirə aparırlar. Daha sonra ata Daulatraoya “cavab bir neçə günə veriləcək” deyərək ayrılırlar.
Savitanın valideynlərinə görə, “bu onun beşinci dəfədir ki, belə görüşə çıxmasıdır” – əvvəlki görüşlərdə isə həmişə rədd cavabı alıb və bu, ailə üçün böyük bir xəyal qırıqlığı olub.
Bu səhnə Hindistan reallığını əks etdirir, çünki kişilər adətən gələcək gəlinlərinin uzun boy, ağ dərili və gözəl olmasını tələb edirlər. Bu cür tələblər Hindistanın qəzetlərində və evlilik saytlarında tez-tez rast gəlinən şərtlərdir.
Savita valideynlərinə “Mən evlənmək istəmirəm. Əvvəlcə universiteti bitirmək, sonra dövlət qulluğu imtahanlarını vermək və karyera qurmaq istəyirəm” desə də, kənd cəmiyyətində evlilik qadınlar üçün tək məqsəd kimi göstərilir.
Çikte filmin çəkilişi zamanı özünü Savita kimi hiss etdiyini və onun yerinə qəzəbləndiyini deyib.
Film, həmçinin Hindistanda hələ də davam edən cehiz problemini də gündəmə gətirir. Qızın ailəsinin oğlanın ailəsinə pul, qızıl və digər hədiyyələr verməsi qanunsuz olsa da, bu ənənə hələ də davam edir. Hər il on minlərlə qadın az cehiz gətirdiyi üçün əri və ya qayınanası tərəfindən zorakılığa məruz qalır və hətta öldürülür.
Filmdə də Savitanın atası Daulatrao cehiz üçün öz torpağını satmağa hazırlaşır, amma o yalnız bu torpaq vasitəsilə dolanır.
Rejissor Cayant Digambar Somalkar belə bir hadisəni ilk dəfə görəndə özünü çox narahat hiss edib. Bu barədə həyat yoldaşı ilə danışıb, o da rejissora bu mövzunu filmə çevirməyi tövsiyə edib.
Hindistanda 90%-ə yaxın evliliklər hələ də ailələr tərəfindən təşkil edilir. Son dövrlərdə Netflix-də yayımlanan “Indian Matchmaking” adlı şou zəngin və təhsilli ailələrdə evlilik prosesini əks etdirsə də, bu yalnız cəmiyyətin müəyyən bir hissəsini əhatə edir.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
