
Yaxşılıq etdirmək
Birindən sizə kömək etməsini xahiş edin. Bu, "Benjamin Franklin effekti" adlanır. Rəvayətə görə, Franklin-in xoşuna gəlməyən biri var idi. Onun rəğbətini qazanmaq üçün Franklin həmin şəxsdən nadir bir kitabını borc verməsini istəyir. Kitabı aldıqdan sonra ona səmimi təşəkkür edir. Nəticədə, əvvəl xoşu gəlməyən bu adamla dost ola bilir. Franklin-in fikrincə, sizə kömək edən insan gələcəkdə də sizə yaxşılıq etməyə daha meyilli olacaq. Alimlər bu nəzəriyyəni sınayanda, kömək istəyən insanlara qarşı daha müsbət münasibət formalaşdığını aşkar ediblər.
Yüksək hədəfləriniz olsun
Əvvəlcə böyük ehtimalla rədd ediləcək bir şey istəyin, sonra isə həqiqətən istədiyiniz daha məntiqli bir şeyi istəyin. Bu üsula “üzə divar texnikası” deyilir. İnsanlar birinci istəyə "yox" dedikdən sonra, özlərini narahat hiss etdikləri üçün ikinci, daha məntiqli istəyə "hə" deməyə daha meyilli olurlar. Alimlər bu üsulu sınadıqda, eyni şəxsə iki dəfə ardıcıl "yox" deməyin insanlara çətin gəldiyini aşkar ediblər.
Ad və mövqelər
Bir insanın adını və ya mövqeyini yerinə görə istifadə edin. Dale Carnegie-nin dediyinə görə, insan üçün onun öz adı ən gözəl səsdir. Birinin adını çəkmək, onun varlığını tanıdığınızı və ona dəyər verdiyinizi göstərir. Bu da həmin insanın sizə qarşı daha müsbət hisslər bəsləməsinə səbəb olur.
Eyni qayda vəzifə və mövqelər üçün də keçərlidir. İnsanlara onlara uyğun bir mövqe və ya rol verdikdə, bir müddət sonra özlərini həqiqətən o rolda hiss edirlər. Məsələn, dost olmaq istədiyiniz birinə “dostum” desəniz, zamanla özünü həqiqətən dostunuz kimi görməyə başlayacaq. İş əlaqəsi qurmaq istədiyiniz birinə “rəhbər” deyə müraciət etmək isə bir az zarafat kimi görünsə də, təsirli ola bilər.
Tərif
Tərif insanları təsirləndirmək üçün güclü bir üsuldur, amma diqqətlə istifadə olunmalıdır. Əgər tərif səmimi görünməzsə, əks təsir göstərə bilər. Alimlər insanların tərifə reaksiyalarını araşdırarkən maraqlı bir nüans aşkarlayıblar: İnsanlar tərifi öz düşüncələri ilə uyğunlaşdığı halda daha çox qəbul edirlər.
Məsələn, özünə güvənən birinə “sənin özünə inamın var” desəniz, bu, onun öz fikrini təsdiqlədiyi üçün sizi daha çox sevəcək. Ancaq özünə güvənməyən birinə eyni şeyi desəniz, bu, onun daxili hissləri ilə uyğun gəlmədiyi üçün sizi daha az bəyənməsinə səbəb ola bilər. Buna görə də, tərifi insanın özünü necə hiss etdiyinə uyğun vermək daha təsirlidir.
Güzgüləmə
Onların davranışlarını təqlid edin. Bu üsul “güzgüləmə” adlanır və bəzi insanlarda təbii olaraq mövcuddur. Onlar ətrafdakıların danışıq tərzini və davranışlarını instinktiv şəkildə kopyalayaraq uyğunlaşırlar. Amma bu üsul şüurlu şəkildə də istifadə oluna bilər və sizi başqalarının gözündə daha cazibədar göstərə bilər.
Tədqiqatlar göstərir ki, insan davranışlarını təqlid edənlər daha çox bəyənilir. Daha da maraqlısı odur ki, təqlid edilən şəxslər yalnız onları təqlid edən insana deyil, ətrafdakı hər kəsə qarşı daha müsbət yanaşmağa başlayırlar. Bunun səbəbi isə sadədir: Birinin davranışını təqlid etdikdə, ona hörmət etdiyinizi və onu təsdiqlədiyinizi hiss etdirirsiniz.
Yorğunluqdan istifadə
Birindən nəsə istəmək üçün ən yaxşı vaxt onun yorğun olduğu andır. Yorğun insanlar başqalarının istəklərinə qarşı daha açıq olurlar, çünki həm fiziki, həm də zehni enerjiləri tükənmiş vəziyyətdə olur. Əgər yorğun birindən nəsə istəsəniz, dərhal “hə” cavabını almayıb “sabah edərəm” kimi bir reaksiya ala bilərsiniz. Amma insanlar adətən verdikləri sözləri yerinə yetirməyə meyilli olduqları üçün ertəsi gün bunu etmə ehtimalları yüksəkdir.
Sözlərini təkrarlayın
İnsanların dediklərini fərqli şəkildə təkrarlayın. Bu üsul empati göstərməyin və qarşınızdakı insana onu anladığınızı hiss etdirməyin ən təsirli yollarından biridir.
Siz də gündəlik münasibətlərinizdə bu texnikadan istifadə edə bilərsiniz. Qarşınızdakı insanın fikirlərini eyni sözlərlə deyil, fərqli ifadələrlə təkrarlamaq, onun başa düşüldüyünü hiss etməsinə səbəb olacaq və sizə qarşı daha isti münasibət bəsləməsinə kömək edəcək.
Mənbə: Hüriyyet
Tərcümə etdi: Dilbər Paşazadə
