Bu gün:

İnsanlar niyə qeybət edirlər?- Psixoloqla müsahibə


24Media.az-ın budəfəki müsahibi psixoloq Aynur İsmayılovadır. O, qeybətin yaranma səbəblərindən danışıb.

 


İnsanlar niyə qeybət edirlər? 

İnsanlar bəzən məşğuliyyətsizlikdən və ya öz həyatlarında çatışmazlıqlar hiss etdiklərindən başqalarının həyatına müdaxilə etməyi daha çox sevirlər. Bu müdaxilə bəzən qeybətə çevrilir və insanlar qeyri-şüurlu şəkildə, başqalarının həyatını tənqid etməklə rahatlamağa çalışırlar. Qeybət etmənin arxasında ən çox gördüyümüz motivlərdən biri, özündə olmayan və çata bilmədiyi şeylərin başqası tərəfindən əldə edilməsi, ona çatmasıdır. İnsanlar, başqasının uğurlarına baxaraq, özlərinin bu nəticələrə necə çata bilmədiklərini düşündüklərində, bu hissləri qısqanclıq və paxıllıqla qarışdırırlar.

Bəzən insanlar başqalarının uğurlarını qınamaq əvəzinə, onların qiymətini aşağı salmağa çalışırlar. Beləliklə, həmin şəxsin uğurlarını özlərinə yüngül, az dəyərli bir şəkildə təqdim etməyə başlayırlar. Bu, həm də onların özlərinin bu uğurlara çatmadıqlarını və çatmaqda çətinlik çəkdiklərini inkar etməyə çalışdıqlarının bir göstəricisidir. Qeybət etdikləri insan da bu dedi-qodulara razı olsa, onun adına mənfi təsir edən bu sözlər həm də onun payına düşür.

Bir çox hallarda insanlar qeybət edərkən, buna bir növ sakitləşmə və ya daxili rahatlama vasitəsi kimi yanaşırlar. Lakin bu, yalnız onların müvəqqəti bir rahatlıq tapmalarına səbəb olur, əslində isə onların özlərindəki boşluğu daha da böyüdür. Əgər insanlar öz bacarıqlarını kəşf edib, bu sahədə irəliləsələr, öz potensiallarına yönəlib, şəxsi inkişaflarına vaxt ayırsalar, qeybət etməyə və başqalarının həyatına müdaxilə etməyə heç vaxtları olmaz. Çünki insanların ən böyük məmnuniyyətini öz nailiyyətləri və öz uğurları yaratmalıdır. Bu yolda davam edənlər başqalarının həyatını tənqid etmək əvəzinə, öz həyatlarına yönələrək həqiqi daxili sülhü və inkişafı tapacaqlar.

Çinarə Tarverdiyeva

Paylaş
Şərh əlavə et