24media.az saytının budəfəki müsahibi Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasovdur. O, kibercinayətkarlığın artması və bununla mübarizə yolları barədə fikirlərini bölüşüb.
Bildiyimiz kimi bəzi zərərli proqramlar var ki, istifadəçilərin məlumatlarını oğurlamaq və ya sistemləri zədələmək məqsədilə yayılır. Bəs bu proqramların təsirini minimuma endirmək üçün hansı tədbirlər görülməlidir?
Kibercinayətkarların əsas məqsədi şəxsi məlumatlardır
Hazırda ölkəmizdə kifayət qədər kibercinayətkarlar var. Zərərli yazılımlarla vətəndaşların məlumatları oğurlanır və onların əleyhinə istifadə olunur. Bu, həm phishing (fişinq) yolu ilə, həm də digər üsullarla həyata keçirilir. Telefonlara zərərli proqramlar yüklənir, vətəndaşların şəxsi məlumatları, bank kart məlumatları və vəsaitləri oğurlanır.
Telefonlarımızda istifadə etmədiyimiz məlumatları silməliyik
Bunun qarşısını almaq üçün ilk növbədə telefonumuzda istifadə etmədiyimiz məlumatları silməliyik. İkincisi, telefonumuzun sistem yeniləmələrini (update) daim yerinə yetirməliyik. Bəzi insanlar düşünürlər ki, yeniləmələr təhlükəsizliyə zərər verir, amma əslində bu, yanlışdır. Yeniləmələr sistem boşluqlarını aradan qaldırır və cihazları daha güvənli edir.
Naməlum mesaj və linklərə keçid etməyin
Bundan əlavə, tanımadığımız insanlardan gələn mesajları və linkləri açmamalıyıq. Çünki bu cür mesajlar phishing ola bilər və telefonumuza zərərli proqramlar yükləyə bilər. Həmçinin yalnız rəsmi mənbələrdən proqramlar yükləməliyik. Naməlum mənbələrdən tətbiqlər yüklədikdə, cihazımıza zərərli proqramların daxil olma riski yüksəkdir.
Kibercinayətkarlığın qarşısını almaq bizim əlimizdədir
Əgər biz tanımadığımız insanlardan gələn mesajları açmasaq və naməlum linklərə keçid etməsək, kibercinayətkarların bizə zərər vermə şansı olmayacaq. Vətəndaşlar öz şəxsi məlumatlarını qorumaq üçün müasir təhlükəsizlik tədbirlərinə əməl etməlidirlər.
Mina Yadigarlı