Bu tablonu heç görmüsünüz? Hazırda itkindir, əslində 1945-ci ildən bəri yoxa çıxıb. Bu əsər İkinci Dünya müharibəsi zamanı itirilən ən mühüm rəsm əsərlərindən biridir.
“Gənc bir adamın portreti” çox güman ki, 1513-1514-cü illərdə Rafael tərəfindən çəkilib. Bir çoxları bu əsəri İkinci Dünya müharibəsi dövründə yoxa çıxan ən dəyərli tablo hesab edir. Rəsmin nasistlər tərəfindən Polşanın Krakov şəhərində yerləşən Çartorıyski şahzadələri muzeyindən oğurlandığı dəqiq məlumdur.

Bu kolleksiyada üç əsas sənət incisi olub: Leonardo da Vinçinin “Gənc qadın və ağcaqanad” əsəri, Rembrandtın “Yaxşı samariyalı ilə mənzərəsi” və Rafaelin “Gənc bir adamın portreti”. 1939-cu ilin sentyabrında nasistlər Polşaya daxil olduqda, bu üç tablo gizlədilib – Polşanın Sieniava şəhərindəki aristokrat malikanəsində yerləşən bir köməkçi binada, divarların arxasında saxlanılıb.

Təəssüf ki, iki həftə sonra nasistlər bu sığınacağı tapıblar. Gizli sənət əsərləri əvvəlcə nasist generalı Hans Frankın (General hökumətin valisi) Krakovdakı iqamətgahını bəzəmək üçün istifadə edilib. Daha sonra isə Hitler tərəfindən Linzdə yaradılması planlaşdırılan şəxsi kolleksiyanın bir hissəsi olmaq üçün Berlin və Drezdenə göndəriliblər. 1944-cü ilin avqustunda Leonardo və Rembrandtın tabloları Hans Frankın qərargahı olan aşağı Sileziyadakı Sichov malikanəsinə köçürülüb. Rafaelin portreti də onlarla birlikdə idi? Heç bir mənbədə bu barədə dəqiq məlumat yoxdur.
Bu hekayə ilə bağlı bu günə qədər heç nə qəti deyil. Rafaelin əsərinə nə olub? 1945-ci ildə müttəfiqlərdən qaçarkən onu Hans Frank özü ilə aparıb? Yoxsa başqası götürüb? Müttəfiq qüvvələri Hans Frankı 1945-ci ilin mayında həbs edib. Onun villasından Leonardo və Rembrandtın əsərləri tapılıb və xoşbəxtlikdən Polşaya qaytarılıb. Ancaq Rafaelin portreti orada olmayıb.

2014-cü ildə çəkilmiş “The monuments men” filmi, İkinci Dünya Müharibəsi zamanı abidələr, incəsənətvə arxivlər proqramı çərçivəsində nasistlərin oğurladığı və məhv etməyə çalışdığı sənət əsərlərini qorumaq üçün çalışan bir qrup müttəfiq zabitin hekayəsini izah edir. Filmdə tablo naməlum bir mağarada və ya mədəndə məhv edilir və alman qoşunları onu alov püskürdücü ilə yandırır. Lakin bu hadisənin həqiqətən baş verdiyini təsdiqləyən heç bir dəlil yoxdur.
Digər tərəfdən, portret haqqında zaman-zaman yeni məlumatlar ortaya çıxır. Əsərin Almaniyada, ABŞ-da, İsveçrədə və ya Rusiyada gizli bir şəxsi kolleksiyada ola biləcəyi ehtimal edilir. Lakin bu məlumatların heç biri rəsmi şəkildə təsdiqlənməyib və tablonun harada olduğu hələ də naməlum qalır.
Bəs portrenin özü? Onun kimliyi məlum deyil. Bir çox alimlər ənənəvi olaraq bunu Rafaelin avtoportreti hesab edir, lakin bunu sübut edən heç bir konkret dəlil yoxdur. Gənc adam zəngin geyimdə və özünə inamlı şəkildə təsvir edilib. Çox güman ki, Rafaelin insan bədəninin ideal proporsiyalarını araşdırması Doryphoros və Prima Portadan olan Avqust kimi klassik heykəllərdən ilhamlanıb.
Tablonun yeganə fotoları yalnız qara-ağ formatdadır. Bu səbəbdən Rafaelin burada hansı rənglərdən istifadə etdiyini tam bilmirik.

Daha bir məqamı vurğulamaq lazımdır: tablo Çartorıyski şahzadələri muzeyinin kolleksiyasına aid olub. Bu kolleksiya 2016-cı ilə qədər şəxsi mülkiyyətdə olub və həmin il Polşa dövləti tərəfindən 100 milyon avroya satın alınıb. Bu qiymətə Rafaelin “Gənc bir adamın portreti”nin hüquqları da daxil olub.

Bəzi sənət ekspertlərinə görə, əgər əsər tapılarsa, onun dəyəri bu gün 100 milyon dollardan çox ola bilər. Kolleksiya hazırda Krakovdakı Milli Muzeyin tərkibindədir. Çartorıyski şahzadələri muzeyinin divarında isə hələ də boş bir çərçivə asılıb – tablonun orijinal çərçivəsi. O, hələ də əsərin layiq olduğu yerə qayıdacağı günü gözləyir.
Mənbə: Dailyartmagazine
Tərcümə etdi: Aysu Əsgərzadə
