Bu gün:

Lampeduzanın "Bəbir" romanı


Lampeduzanın XX əsrin ortalarında yazdığı "Bəbir" romanı yüksək dəyər verilən bir filmə çevrilib və indi də Netflix tərəfindən dəbdəbəli bir serial kimi təqdim edilir. Cəmiyyətin qüsurlarını və ikiüzlülüklərini sərt şəkildə tənqid edən bu əsər bu gün də aktuallığını qoruyur.

“Kiminsə və ya nəyinsə uğrunda ölmək, əlbəttə ki, tamamilə normal bir şeydir, ancaq ölən adam üçün kimin və nə uğrunda öldüyünü bilməsi və ya heç olmasa buna əmin olması vacibdir”. Bu sözlər 1958-ci ildə nəşr olunan "Bəbir" romanının baş qəhrəmanı, aristokratik bir Siciliya ailəsinin başçısı olan Şahzadə Fabriziyoya aiddir. O özünün cənnət kimi villasında bir limon ağacının altında naməlum bir əsgərin cəsədini tapmasını xatırlayır. Bu təsvir romanın mövcudluq ruhunu ifadə edir: gözəlliyin altında çürümə var.

Lampeduza həyatı boyu heç bir əsərini çap etdirməyib. Onun yeganə romanı "Bəbir" Salina ailəsinin taleyini izah edir və hadisələr XIX əsrdə İtaliyanın birləşməsi dövründə cərəyan edir. Bu dövr İtaliyada sosial və siyasi dəyişikliklərə səbəb olub, nəticədə, 1861-ci ildə yeni bir İtaliya krallığının yaradılması ilə yekunlaşıb. Bu dövrdə Avropada genişmiqyaslı inqilabi hərəkətlər baş verib, demokratiya, liberalizm və sosializm ideyaları yayılıb. İşçilər torpaq sahiblərini yoxsulluq və ağır iş şəraitinin səbəbkarı hesab edərək onlara qarşı çıxıblar. 1870-ci ildə Roma ələ keçirilərək İtaliyanın tam birləşməsi başa çatıb.

"Bəbir" romanında torpaq sahibi olan Şahzadə Fabrizio aristokratiyanın böhran yaşadığı bir dövrdə öz maraqlarını qorumaq üçün strategiya qurur. O, yaraşıqlı qardaşı oğlu Tancredi Falconeri ilə yeni zəngin Angelica Sedaranın evlənməsini təşkil edir, lakin öz qızı Konçetta Tancrediyə aşiqdir.

İtalyan ədəbiyyatının ən vacib əsərlərindən biri sayılan "Bəbir" mədəniyyət tarixçisi Lusi Hyuz-Hallet tərəfindən “İtalyanca yazılan ən çox sevilən və hörmət edilən roman” kimi təsvir edilib. İngilis yazıçı E.M. Forster isə Lampeduzanın bitməyən xatirələri üçün yazdığı ön sözdə belə qeyd edib: “Lampeduza mənim üçün o qədər dəyərlidir ki, onu rəsmi şəkildə təqdim etməkdə çətinlik çəkirəm... Onun romanını təkrar-təkrar oxumaq mənə həyatda yaşamağın nə qədər müxtəlif yolları olduğunu anlamağa kömək edib”.

1963-cü ildə Luchino Visconti tərəfindən çəkilən filmindən sonra "Bəbir" romanı bu il Netflix tərəfindən serial kimi ekranlaşdırılıb. Bu yeni adaptasiya əsərin XXI əsr üçün hələ də nə qədər aktual olduğunu göstərir.

1963-cü ildə Luchino Visconti tərəfindən çəkilən film versiyası romanın aristokratiyaya qarşı sərt mövqeyini qoruyaraq, eyni zamanda vizual baxımdan möhtəşəm bir əsərə çevrilib. Filmdə Burt Lankaster Fabrizio rolunda, Alain Delon isə Tancredi rolunda çıxış edib. Film “Qızıl Palma" mükafatını qazanıb.

İtaliya tarixində və dünya ədəbiyyatında dərin iz buraxan "Bəbir" romanı aristokratiyanın sosial dəyişikliklərə baxmayaraq hakimiyyətini necə qoruduğunu sərt bir dillə ortaya qoyur. Müasir cəmiyyətlərdə də elitaların eyni şəkildə öz güclərini saxlamaq üçün necə strategiyalar qurduqlarını düşünəndə bu əsərin niyə hələ də aktual olduğunu anlamaq çətin deyil.

Mənbə: BBC News

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et