Bu gün:

"Quşların səhər yeməyi"- Qabriele Münter


"İncəsənətin inciləri" rubrikası "Quşların səhər yeməyi" əsərini təqdim edir.

Gabriele Münter (1877-1962) Berlində anadan olub və ən çox mənzərələri və rəng istifadəsi ilə tanınan Alman ekspressionist rəssam olub. O, uşaqlıqdan rəsm çəkməyə məhəbbət bəsləyib və rəssam olmaq arzusunu həyata keçirmək üçün valideynlərinin dəstəyini qazanıb.

Münter Qadın İncəsənət Məktəbində oxuyub, çünki bir qadın olaraq daha nüfuzlu Alman akademiyalarına getməyə icazə verilməyib. 

Münhendə o, Phalanx məktəbində oxuyub və burada müxtəlif bədii texnikalar inkişaf etdirib və məktəbin direktoru Vasili Kandinski ilə romantik münasibəti olub. Rəssam deyib: "Mən rəsm çəkməyə başlayanda bu, qəfildən dərin sulara sıçramaq kimi idi və üzə bilməyəcəyimi əvvəlcədən bilmirdim. Mənə üzgüçülük texnikasını öyrədən Kandinski olub".


Onun Kandinski ilə münasibəti 12 il davam edib və həyatına böyük təsir göstərib. 1911-ci ildə Münter, Kandinski, Frans Mark və digər avanqard rəssamlar Münhendə Der Blaue Reiter (Mavi Atlı) əsərini yaradıblar. Bu qrupun işi müxtəlif olub və sərbəst təcrübə və mənəvi ifadəyə maraq göstərib.

"Quşların səhər yeməyi" (1934) Münterin sevimli tablosudur və burada səhər yeməyi üçün masada arxası bizə tərəf əyləşmiş qadını (Münter) göstərir. Rəsm onun ekspressionist üslubunu qalın, sürətli fırça vuruşları, qaranlıq konturlar və sıxılmış məkanla əks etdirir. Münterin öz rəng sevgisi əsərlərində mavi, sarı və çəhrayı çalarlarında görünür.

Qadın qalın pərdələrlə haşiyələnmiş pəncərənin qarşısında oturur ki, bu da tamaşaçının baxış bucağından asılı olaraq özünü məhdud və ya rahat hiss edə bilər. Qarlı ağacları və qarla örtülmüş budaqlarda oturan quşları görə bilir, sakitcə qarşısındakı mənzərəni düşünür. Və ya emosional olaraq təcrid olunmuş bir qadın öz hisslərini əks etdirən səhnənin soyuqluğu kimi də görülə bilər. İstənilən halda Münter güclü sənətkar və həyatını güzəştsiz yaşayan və arzularının arxasınca getməyi bacaran bir qadın olub.

Tərcümə etdi: Talehə Hüseynzadə 

Mənbə: dailyartmagazine.com

Paylaş
Şərh əlavə et