Tesla, nəhayət, Hindistan bazarına daxil olmağa hazırlaşır. Şirkət Dehli və Mumbayda vakansiyalar elan edib və şourumlar üçün məkan axtarır. Hindistan qlobal EV satışlarının azalması və Çin istehsalçılarının güclü rəqabəti fonunda Tesla üçün maraqlı bazardır. Lakin ölkənin qiymət bazarında şirkətin rəqabət aparıb-aparmayacağı sual altındadır.

Hazırda Hindistanın EV bazarında lider Tata Motorsdur (60%-dən çox bazar payı), onu MG Motors (22%) və Mahindra izləyir. Bu şirkətlərin EV modelləri Teslanın bazar qiymətinin yarısından da aşağıdır. Teslanın ən ucuz modeli belə 40,000 ABŞ dollarına (31,637 funt-sterlinq) başa gələcək, bu da onu lüks avtomobil seqmentinə daxil edəcək. Hindistan bazarında əhəmiyyətli satışa nail olmaq üçün Tesla ya qiyməti aşağı salmalı, ya da xüsusi olaraq yerli bazara uyğunlaşdırılmış model təqdim etməlidir.
Bundan başqa, Hindistan yollarının vəziyyəti də Tesla üçün problem yarada bilər. Avtomobillərin aşağı yol məsafəsi yerli yollar üçün uyğun deyil və Tesla mövcud modelləri yenidən dizayn etməli ola bilər. Bu isə istehsal xərclərini artıracaq. Az satış həcmi olan bazar üçün belə bir dəyişiklik iqtisadi baxımdan çətin qərardır.
Digər çətinlik isə Hindistanda EV infrastrukturunun zəif inkişaf etməsidir. Ölkədə cəmi 25,000 şarj məntəqəsi mövcuddur və EV-lərin ümumi avtomobil satışlarındakı payı hələ 3%-dən azdır. Bütün bunlara baxmayaraq, Hindistan hökuməti Teslanı cəlb etməyə çalışır. Ölkə 2030-cu ilədək sərnişin avtomobillərinin 30%-nin elektriklə işləməsini hədəfləyir və EV istehsalçılarına yüksək subsidiya təklif edir. HSBC-nin məlumatına görə, Hindistanın ən çox satılan EV modeli üçün verilən subsidiya avtomobilin qiymətinin 46%-ni təşkil edir. Bu siyasət EV satışlarını son 5 ildə 2,000%-dən çox artıraraq 4,700-dən 100,000 avtomobilə çatdırıb.
Hindistan 2024-cü ilin aprelində EV istehsalına 500 milyon dollar sərmayə qoyan qlobal istehsalçılar üçün idxal vergisini 15%-ə endirib. Tesla və digər 35,000 ABŞ dollarından baha olan EV-lər bu güzəştdən yararlana bilər. Elon Musk daha əvvəl Hindistandakı yüksək idxal vergilərinin şirkətinin bazara girişini çətinləşdirdiyini bildirib.
Teslanın Hindistanda uğur qazanıb-qazanmayacağı hələ bəlli deyil. Yerli istehsal müəssisəsi açmaqla bağlı konkret öhdəlik götürməyən şirkət ilkin mərhələdə avtomobilləri idxal etməyi planlaşdırır. Lakin Teslanın qlobal brend imici və “cool” statusu onu Hindistanın gənc və zəngin alıcıları üçün cəlbedici edəcək. Premium avtomobil seqmentinin böyüməsi və EV infrastrukturunun inkişafı Tesla üçün müsbət amillər olsa da, yüksək qiymət və uyğunlaşma xərcləri onun bazardakı mövqeyini çətinləşdirə bilər.
Hindistan bazarında Teslanın gələcək strategiyası həm yerli EV bazarının böyümə sürəti, həm də ABŞ ilə ticarət danışıqlarının nəticələrindən asılı olacaq.
Mənbə: BBC News
Tərcümə etdi: Xavər Məmmədli
