Bu gün:

Beynimiz bizi necə aldadır?


Beyin həyatı asanlaşdıran və hər bir gündəlik fəaliyyəti idarə edən inanılmaz bir orqandır. Lakin bəzən beynimizin qərar vermə prosesində və yaddaşımızda çox təəccüblü səhvlər etdiyini görə bilirik.

Beyin müxtəlif qərəzlərdən, unutqanlıqdan və hətta özünü qoruya bilmək üçün reallığı dəyişdirməyə meylli olur. 

Hər bir insan çox zaman gözlənilməz şəkildə yanlış qərarlar verə, hətta çox vacib xatirələri belə unuda bilər. Bəs, niyə beynimiz belə davranır?

1. Beyin qısayollara üstünlük verir

Beynimizin ən böyük çatışmazlıqlarından biri tənbəlliyə meyilli olmasıdır. Hər hansı bir problemi həll etməyə və ya qərar verməyə çalışarkən beyin çox vaxt əvvəlki təcrübələrə əsaslanan hazır qaydalara və ya keçmişdə işləyən həll yollarına güvənir.

Qısayollardan istifadə etmək bəzi hallarda faydalı və təsirli ola bilər, çünki bu hər bir mümkün həlli araşdırmadan sürətli qərar verməyə imkan yaradır.

2. Fikirlər gizli qərəzlərdən təsirlənir

Öncədən formalaşmış fikirlər insanları necə qəbul etməyə, hadisələr haqqında necə düşünməyə və qərar verərkən hansı məqamlara diqqət yetirməyə təsir göstərə bilər.

Sonradan bilmək qərəzi isə insanı “Mən bilirdim ki, biz uduzacağıq!” deməyə vadar edə bilər—hətta oyunun necə gedəcəyini əvvəlcədən bilmədiyi halda.

Attribusiya qərəzi isə insanları ədalətsiz şəkildə mühakimə etməyə vadar edə bilər. Məsələn, bir barista səhər tələsik vaxtda sifarişinizdə səhvlik edərsə, onun işinə səhlənkar yanaşdığını və ya bacarıqsız olduğunu düşünə bilərsiniz. Halbuki, o sadəcə həddindən artıq sifarişlər altında sıxılmış ola bilər.

3. Beyin günahı başqalarına yükləməyi sevir

Nəsə pis bir şey baş verdikdə beyin bunun üçün bir səbəb tapmağa çalışır. Daha dəqiq desək, zehin bu uğursuzluğa görə bir şeyə və ya birinə günah yükləmək istəyir. Bu prosesdə isə insan reallığı öz xeyrinə dəyişdirir, başqa sözlə, səhvlərini qəbul etmək istəmir.

Məsələn, dənizdə bir gün keçirdikdən sonra dəriniz pis yanıb. Günəş kremini lazım olduğu qədər yeniləmədiyinizi qəbul etmək əvəzinə, günahı kremin keyfiyyətsiz olmasına yükləyirsiniz və düşünürsünüz ki, məhz buna görə yandınız.

4. Beyin dəyişiklikləri görməzlikdən gələ bilər

Dünyada eyni anda o qədər çox şey baş verir ki, beynin hər bir detalı qəbul etməsi çətin olur. Hətta göz qarşısında baş verən böyük dəyişiklikləri belə asanlıqla görməməzlikdən gəlmək mümkündür. Bu fenomen dəyişiklik korluğu adlanır.

Məsələn, aparılan tədqiqatlarda qısa fasilə zamanı söhbət etdikləri insanın başqa biri ilə əvəz olunduğunu çoxları fərq etməyib. Tədqiqatçılar hesab edirlər ki, bunun bir neçə səbəbi var:

• Beynimiz diqqət yetirəcəyi şeyləri prioritetləşdirməlidir. Əks halda, həddindən artıq informasiya yüklənməsi baş verə bilər.

• Əgər bir şeyə diqqət yetirirsinizsə, digər məlumatları avtomatik olaraq süzgəcdən keçirməli olursunuz.

• Beynimiz eyni anda hər şeyi emal edə bilmir, ona görə də bəzi dəyişiklikləri görməmək təbii haldır.

5. Yaddaşımız düşündüyümüz qədər dəqiq deyil

Yaddaşımız kameraya bənzəmir və hadisələri olduğu kimi qoruyub saxlaya bilmir. İnsan yaddaşı zəif, qeyri-dəqiqdir və müxtəlif təsirlərə məruz qala bilər.

Məsələn, tədqiqatlar göstərib ki, insanlara heç vaxt baş verməmiş hadisələrlə bağlı saxta xatirələr yaratmaq olduqca asandır. Maraqlıdır ki, digər araşdırmalar bu saxta xatirələrin müəyyən üsullarla geri qaytarıla biləcəyini də ortaya qoyub.

Bundan əlavə, biz çox böyük həcmdə informasiyanı unuduruq. Üstəlik, bu təkcə əhəmiyyətsiz məlumatlarla məhdudlaşmır, çox vacib detalları da unutmaq mümkündür.

Bəs yaddaşımız niyə bizi yanıldır?

Beynimizin müəyyən xatirələri geri çağırmaqda çətinlik çəkməsinin bir neçə səbəbi var:

• Xatirə zamanla solduğu üçün onu geri çağırmaq mümkün olmur.
• Yaddaşlar bir-biri ilə rəqabət aparır, bu da konkret birini xatırlamağı çətinləşdirir.
• Beynimiz müəyyən bir xatirəni heç vaxt düzgün şəkildə saxlamayıb.
• Şüurlu şəkildə bəzi xatirələri unutmaq istəyirik, xüsusilə də onlar ağrılı və travmatik olduqda.

Bundan əlavə, yaddaşımıza təsir edən başqa amillər də var: bəzi tibbi və psixi sağlamlıq problemləri, maddə istifadəsi, yuxusuzluq, stres, dərmanlar və yaşlanma kimi faktorlar yaddaşın zəifləməsinə səbəb ola bilər.

Mənbə: Verywell Mind

Tərcümə etdi: Arzu Qafarova

Paylaş
Şərh əlavə et