Bu gün:

"İşsiz qalmamaq üçün ssenari seçimindən məhrumam"- Cövdət Şükürovla MÜSAHİBƏ


24Media-nın növbəti müsahibi gənc və istedadlı aktyor, bir çox serial və filmin baş rol ifaçısı Cövdət Şükürovdur.

Aktyorluq sənətində hansısa planınızın, məqsədinizin olmadığını demisiniz. Bəs sizi bu sahədə saxlayan nədir?

- İndi daha çox prodüsserliyə, təşkilatçılığa yönəlmişəm. Aktyorluğumu da davam etdirirəm. Özün təşkil edib bir serial və yaxud film çəkəndə istədiyin şeyləri edə bilərsən deyə daha yaxşı işlər ərsəyə gətirməyə bir ümid bəsləyirəm, ona görə də hələ ki, bu sənətdən getmək kimi bir fikrim yoxdur.

Əvvəlki “Zaur”la müasir “Zaur” fərqli idi. Sizcə, Fəxrəddin Manafovun canlandırdığı “Zaur” obrazını canlandırmaq rahat olardı sizə, yoxsa elə müasirləşdirilmiş “Zaur”u?

- Fəxrəddin Manafovun canlandırdığı “Zaur” obrazı daha sakit, statik bir obraz idi. Düşünürəm ki, o daha rahat olardı. Amma bu müasir “Zaur” da fövqəladə bir obraz deyildi ki, çətin olsun. Ümumiyyətlə, “Zaur” obrazı serial obrazı deyil, yəni serial üçün darıxdırıcı obrazdır. Ona görə mənim indiyə kimi oynadığım ən darıxdırıcı və maraqsız obraz idi.

Bəs "Təhminə və Zaur"un ekrana yenidən, fərqli şəkildə gətirilməsini zəruri edən nə idi?

- Düşünürəm ki, bu, səhv idi. Amma çəkilirdisə də, daha mükəmməl çəkilə bilərdi. Belə çəkilməyindənsə çəkilməməyi daha məsləhətli idi.

Əvvəl Milli Aviasiya Akademiyasına qəbul olmaq istəmisiniz. “Yaxşı ki, qəbul ola bilməmişəm” deyirsiniz? 

- Mən bu həyatımdan tam razıyam. Nə yaxşı ki, Milli Aviasiya Akademiyasına qəbul olmamışam. 

Serial, film təklifi alanda ssenaridə əvvəlcə nəyə fikir verirsiniz?

- Azərbaycan aktyorlarının 3 faizi ssenari seçimi edə bilirlər. Qalanı işsiz qalmasın deyə hər şeyi oynayır, yəni ssenari seçmək kimi bir üstünlükləri yoxdur. Mən də işsiz qalmamaq üçün ssenari seçimindən məhrumam.

Oynadığınız hansı rola, sizcə, öz adınızı həkk etdirmisiniz? 

- Sovet dövründə çəkilən filmlərimizi çıxmaq şərti ilə Azərbaycanda nə elə bir film, nə də elə bir aktyor var ki, möhür qoyub.

Canlandırdığınız obrazların xarakterindən özünüzə nümunə götürdüyünüz olubmu?

- Yox. Oynadığım obrazlar içərisində elə bir mükəmməl ssenari olmayıb.

Hər bir insan üçün öz sənətinin ona çətin gələn tərəfləri olur. Bəs sizin üçün öz sahənizin çətinliyi nədədir? 

- O çətinlikləri dəqiq xırdalaya bilməyəcəm.

Sizcə, həyatda ən yaxşı kim olmusunuz, övlad, ata, yoldaş, dost, vətəndaş, yoxsa aktyor?

- Düşünürəm ki, ən yaxşı ata olmuşam. Ya da olmaq istəyirəm.

Elə olur ki, aktyorlar sözləri yazıldığı kimi tələffüz edir, işlətdiyi cümlələr məişət üslubunda olmur. Bunlar da sünilik yaradır. Sizcə, bu, aktyorun eybidir, yoxsa rejissorun? 

- Bir filmdə və ya serialda nə isə bir problem varsa, bu, əvvəlcə rejissorun, daha sonra prodüsserin günahıdır. Ya rejissor aktyorla, materialla düzgün işləməyib, ya da prodüsser zəif, 5 manatlıq aktyor gətirib ki, o da elə oynayıb.

Aktyor olmağın çətinliyini normal, gündəlik həyatınızda hiss edirsinizmi? Məsələn, normal vətəndaş kimi çıxıb alış-veriş edə bilirsinizmi?

- Əlbəttə, alış-veriş edirəm.

Sizi izləyənlər, sevənlər haradasa görəndə daha çox hansı obrazınızın adı ilə çağırırlar?

- Bəli, daha çox obrazlarımın adı ilə çağırırlar. Zaur, Mahir, Arzu... Yəni hərə bir obrazımın adını çəkir. Ona görə dəqiq birini deyə bilməyəcəm. 

"Azərbaycanda aktyor olmaq..." cümləsini necə tamamlayardınız? 

- Çox maraqsız bir şeydir.

Mövcud şəraitə görə çəkiliş vaxtı hansı çətinliklərlə qarşılaşırsınız?

- Daha az heyətlə çəkiliş edirik, çox sayda işçini bir yerə toplamaq olmur, ona görə də daha əziyyətli olur. Restoranlar fəaliyyət göstərmir deyə restoran çəkilişlərini edə bilmirik. Bu vəziyyət bizə çox əziyyət verir əslində, amma nə etmək olar, gözləyək, görək, nə olur?

Sonda oxucularımıza nə demək istəyərdiniz?

- Həyatdan zövq alın. Həyat çox qısadır...

Aysel İbrahimova.

Paylaş
Şərh əlavə et