Bu gün:

Arzu və beyin: Niyə bəzi istəklərimizi dayandıra bilmirik?


Arzu və beyin: Niyə bəzi istəklərimizi dayandıra bilmirik?

Arzu qəribə bir hissdir. Bəzi istəklərimizi asanlıqla təmin edə bilirik. Məsələn, dadlı yemək, isti vanna və ya sevdiyimiz musiqi bizi rahatladır və bu hisslərdən zövq alırıq. Ancaq bəzi arzular doyumsuzdur. Onları təmin etsək belə, yalnız müvəqqəti rahatlıq hiss edirik. Bu, asılılıq və məcburi vərdişlərə çevrilə bilər və hətta zərərli nəticələrə gətirib çıxara bilər.

Təşviqedici cəlbedicilik (İncentiv salience)

İstəklərimizi yönləndirən əsas mexanizmlərdən biri təşviqedici cəlbedicilikdir. Bu, bir şeyin bizim üçün nə qədər cazibədar olduğunu və diqqətimizi necə cəlb etdiyini müəyyənləşdirir. Məsələn, dağınıq otağa girəndə yerə səpələnmiş qızıl sikkələri dərhal görərik. Eyni şəkildə, izdihamlı məkanda bəyəndiyimiz insanı asanlıqla seçə bilərik.

Bu prosesi beynimizin mükafat sistemi idarə edir. Mükafat sistemi dopamin adlı neyrotransmitter vasitəsilə fəaliyyət göstərir. Çoxları dopamini "xoşbəxtlik hormonu" kimi tanıyır, lakin əslində o, mükafat gözləntilərimizi tənzimləyən siqnaldır. Başqa sözlə, dopamin bizə gözlədiyimizdən daha yaxşı və ya daha pis nəticə ilə qarşılaşdığımızı bildirir.

Hedonik isti nöqtələr və zövq mexanizmi

Beynimizin nukleus akkumbens adlı hissəsində "hedonik isti nöqtələr" yerləşir. Bu nöqtələr endokannabinoidlər və endorfinlər adlı kimyəvi maddələr vasitəsilə bizə xoşbəxtlik hissini yaşadır. Məsələn, şəkərli su içən siçan zövq aldığını ifadə edən üz mimikaları edir. İnsanlarda da oxşar reaksiya müşahidə olunur.

Lakin "istəmək" və "xoşlamaq" beyində fərqli mexanizmlərlə idarə olunur. Bir şeyi əvvəlcə həm istəyə, həm də xoşlaya bilərik, amma zamanla bunlar bir-birindən ayrıla bilər. Məsələn, sosial mediada vaxt keçirmək əvvəlcə maraqlı görünə bilər, lakin zamanla bizi əsəbiləşdirsə də, yenə də ona baxmağa davam edirik. Yaxud zərər verən bir insanı tərk etməli olduğumuzu bilsək də, yenə ona qayıdırıq.

Bunun səbəbi odur ki, dopamin sistemi "istəməyə" davam edir, hətta "xoşlamaq" artıq dayanıbsa belə. Bu, bizi bəzən anlamadığımız və idarə edə bilmədiyimiz davranışlara sürükləyə bilər.

Əgər özümüzü zərərli bir istəyin içində tapırıqsa, bu prosesi dərk etmək və diqqətlə analiz etmək bizə kömək edə bilər. Anlamaq ilk addımdır—nəyi həqiqətən istədiyimizi və nəyi sadəcə beyin vərdişi kimi davam etdirdiyimizi ayırd etmək önəmlidir.

Mənbə: verywell mind 

Tərcümə etdi :Fatimə Cabbarlı 

Paylaş
Şərh əlavə et