Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının məlumatına görə, dünyanın ən kasıb ölkəsi Burundi Respublikasıdır. 2023-cü ildə burada adambaşına düşən ÜDM cəmi 249,22 ABŞ dolları təşkil edib. Bu, dünyanın ən aşağı göstəricilərindən biridir və əhalinin həddindən artıq yoxsulluq içində yaşadığını göstərir.
Burundinin iqtisadiyyatı kənd təsərrüfatına əsaslanır və əhalinin 80%-dən çoxu bu sahədə çalışır. Lakin kənd təsərrüfatı əsasən təbiət təsərrüfatı formasında təşkil edilib. Yəni burda yetişdirilən məhsullar (kartof, qarğıdalı, banan, lobya və s.) əsasən daxili tələbat üçün istifadə olunur, ixrac çox məhduddur. Bu isə ölkənin xarici valyuta gəlirlərini azaldır.
Burundinin əsas ixrac məhsulları qəhvə və çaydır, lakin onların istehsalı və satışı çox aşağı səviyyədədir. Ölkənin zəngin təbii sərvətlərə malik olmaması da iqtisadiyyatı daha da zəiflədir.
Burundi zəngin torpaqlara və kənd təsərrüfatı potensialına malik olsa da, bir neçə əsas amilə görə dünyanın ən kasıb ölkələrindən biri olaraq qalır:
1. Siyasi qeyri-sabitlik və müharibələr
Burundi uzun müddət vətəndaş müharibələri və etnik münaqişələrdən əziyyət çəkib. 1990-cı illərdən bəri davam edən münaqişələr ölkənin iqtisadiyyatını və infrastrukturunu məhv edib.
2. Təhsil və səhiyyə
Ölkədə savadlılıq səviyyəsi aşağıdır – yalnız 68% yetkin insan oxuyub-yaza bilir. Səhiyyə sistemində də ciddi problemlər var. Uşaq ölümü çoxdur, qidalanma çatışmazlığı geniş yayılıb və kifayət qədər tibb işçisi yoxdur.
3. İqlim və ekoloji problemlər
Kənd təsərrüfatı quraqlıq, daşqınlar və torpaq eroziyası səbəbindən böyük risk altındadır. Bu da ərzaq təhlükəsizliyini qeyri-sabit edir.
4. Yüksək doğum səviyyəsi
Burundidə hər qadına orta hesabla 5 uşaq düşür. Bu, zəif iqtisadiyyat və infrastruktur üçün əlavə yük yaradır.
Burundidə insanların həyat tərzi:
• Gəlirlər: Əhalinin böyük hissəsi gündə 1 dollardan az qazanır.
• Yaşayış şəraiti: Çoxu suyu və elektriki olmayan palçıqdan tikilmiş evlərdə yaşayır.
• Qidalanma: Əsas ərzaq məhsulları qarğıdalı, lobya və banandır, lakin çox insan qida çatışmazlığından əziyyət çəkir.
• Təhsil: İbtidai təhsil pulsuz olsa da, uşaqların bir çoxu yoxsulluğa görə məktəbə getmir, çünki işləməyə məcbur qalırlar.
Mənbə: worldbank
Tərcümə etdi: İbrahim Çobanlı